1977-ci ildə ABŞ-ın Kaliforniya ştatında baş vermiş qadın qətlinin üstü 48 ildən sonra siqaret qutusunda qalmış barmaq izi sayəsində açılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "APNews" məlumat
yayıb.
Cinayətdə şübhəli bilinən 69 yaşlı Villi Yusin Sims Ohayo ştatında saxlanılıb. İlkin məlumatlara görə, o, 1977-ci il fevralın 1-də 24 yaşlı Canett Ralstonu onun avtomobilində - "Volkswagen Beetle" markalı maşının arxa oturacağında əvvəlcə zorlayıb, sonra isə boğaraq qətlə yetirib. Hadisə qadının həmin axşam dostları ilə birlikdə vaxt keçirdiyi San-Xose şəhərindəki barın yaxınlığında baş verib.
Məhkəmə-tibbi ekspertizası Ralstonun uzunqollu köynəklə boğularaq öldürüldüyünü müəyyən edib. Sims cinayətin izlərini gizlətmək üçün avtomobili yandırmağa cəhd göstərib, lakin alovun yayılıb-yayılmadığını yoxlamadan ərazidən uzaqlaşıb. Nəticədə yanğın baş verməyib və qadının meyiti az sonra aşkarlanıb. Maşından bir sıra əşyalarla yanaşı, içərisində naməlum kişiyə aid barmaq izi olan siqaret qutusu da götürülüb.
Hadisə baş verən gecə qadının dostları onun barda tanımadığı bir kişi ilə çıxdığını və on dəqiqəyə qayıdacağını söylədiyini bildiriblər. Lakin ondan bir daha xəbər alınmayıb. Şahid ifadələri əsasında ehtimal edilən qatilin fotorobotu tərtib olunsa da, istintaq nəticəsiz qalıb.
2025-ci ildə iş yenidən araşdırılmağa başlayıb və siqaret qutusundakı barmaq izi FTB-nin yeni bazasında yoxlanılıb. Bu izin 69 yaşlı təqaüdçü Simsə məxsus olduğu müəyyən edilib. O dövrdə Simsin hərbçi olduğu və cinayətin baş verdiyi əraziyə yaxın bir hissədə xidmət etdiyi məlum olub. Ralstonun ölümündən bir il sonra Sims başqa bir hadisə üzrə - qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib. Sims Kaliforniyanı tərk etdikdən sonra cinayətkarların DNT nümunələri toplanmağa başlanıb.
İstintaqın irəliləməsi nəticəsində polislər Simsdən DNT nümunəsi götürüblər və bu, Ralstonun dırnaqları ilə onun boğulduğu köynəkdə tapılan materiallarla üst-üstə düşüb. Sims saxlanılıb və ona ömürlük həbs cəzası verilə bilər.
Aydın
Şərhlər