Vergidən yayınma bu gün bir çox ölkədə ciddi cinayət hesab olunur. Amma tarixçilər bildirir ki, vergidən yayınmaq üçün qurulan mürəkkəb sxemlər heç də müasir dövrə aid deyil - bu cür hiyləgər üsullar hələ Qədim Roma dövründə də mövcud olub.
Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, Avstriya Arxeologiya İnstitutunun alimləri tərəfindən Yəhudi səhrasında tapılan və yaxın zamanda deşifrə edilən qədim papirus sənədi, Roma imperiyasında vergidən yayınmaq üçün həyata keçirilmiş fiktiv ticarət əməliyyatlarını və sənəd saxtakarlıqlarını ətraflı şəkildə ortaya qoyur.
Saxtakarlığın mərkəzində kimlər dayanırdı?
Papirusda əks olunan məlumatlara görə, hadisələr e.ə. 130-cu illərdə, imperator Adrianın dövründə baş verib. Yəhudi (indiki İsrail ərazisi) və Ərəbistan (indiki İordaniya) vilayətlərində yaşayan iki şəxs – Saul və Xereas, çoxsaylı iqtisadi cinayətlərdə ittiham olunurdu: banditlik, kölə ticarətində fırıldaqlar və s.
Saul Yəhudi vilayətində yaşayan və çoxsaylı köləyə sahib olan bir şəxs idi. O, bu kölələri guya satmaq üçün Ərəbistan vilayətində yaşayan Xereas adlı bir şəxsə fiktiv şəkildə "satıb”. Lakin kölələr heç yerə göndərilməyib, Yəhudidə qalıb. Alıcı Xereas isə bu "əmlakı” öz vilayətində qeydiyyata almayıb.
"Kağız üzərində yoxa çıxan kölələr”
Roma qanunlarına əsasən, əgər kölə başqa vilayətə satılırsa, əvvəlki sahibin aktivlərindən çıxarılırdı və yeni sahib tərəfindən vergi üçün qeydiyyata alınmalı idi. Amma bu sxemdə kölələr hər iki siyahıdan çıxarılıb, lakin əslində heç yerə getmədən "görünməz” hala gəlib.
"Beləliklə, kölələr sənədlərdə Yəhudidən yox olmuş, amma Ərəbistana da gəlməmişdi. Bu, onları Roma vergi sistemindən gizlətməyə imkan verirdi,” deyə Avstriya Arxeologiya İnstitutunun Roma imperiyası üzrə mütəxəssisi Anna Dolqanova izah edib.
Hüquqi sənədlərin saxtalaşdırılması və məhkəmə işi
Vergidən yayınma sxemini gizlətmək üçün saxta veksellər və digər hüquqi sənədlər də hazırlanıb. Papirus həm də Roma məhkəmə sisteminin iş prinsiplərini açıq şəkildə göstərir.
Dr. Dolqanovanın sözlərinə görə, sənəddə Roma prokurorlarının peşəkarlığı çox aydın sezilir: onlar Çiçerona layiq ritorik strategiyalardan istifadə edib, hüquqi terminlərə dərindən bələd olduqlarını sübuta yetiriblər.
"Bu, imperiyanın ucqarında baş verir, amma biz burada yüksək ixtisaslı hüquqşünaslar görürük", deyə Dolqanova vurğulayır.
Cəza necə olub?
Təəssüf ki, papirusda bu iş üzrə hökm barədə məlumat yer almır. Lakin tarixçilər ehtimal edirlər ki, cinayətlərin cəmi həmin şəxslər üçün ölüm hökmü ilə nəticələnə bilərdi. Bu da ən yaxşı halda başın kəsilməsi, ən pis halda isə arenada vəhşi heyvanlara yem olunmaq demək idi.
Aydın
Şərhlər