Xəbər lenti

Daha bir “pensiya dələduzluğu” – Bu dəfə qurban Qarabağ əlilidir
Ölkə 19:02 02.05.2025

Daha bir “pensiya dələduzluğu” – Bu dəfə qurban Qarabağ əlilidir

Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb.

Qaynarinfo xəbər verir ki, cinayət Bakı şəhərində törədilib. 

R.Q. tanışı X.S.-nı inandırıb ki, 2-ci qrup əlil olan həyat yoldaşının pensiyasını bərpa etdirəcək. 

X.S.-nın həyat yoldaşı Birinci Qarabağ savaşının iştirakçısıdır. O, 2-ci qrup əlil kimi pensiya alsa da, sonra da pensiyası kəsilib. 

R.Q. bu məsələnin həlli üçün X.S.-dan 6000 manat pul alıb. O, daha sonra X.S.-ya deyib ki, qohumları arasında oxşar problemlə üzləşən varsa, onlara da kömək edə bilər. 

X.S. onun sözünə inanaraq bacısına sosial pensiya düzəltdirmək istəyib. Təbii ki, R.Q. bunun üçün də pul istəyib. Bu dəfə məbləğ 5000 manat olub. 
R.Q. bununla kifayətlənməyərək X.S.-ya bacısı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında inşa edilən sosial evlərdən 2 mənzil alacağına inandırıb. Bunun üçün isə 10 000 manat pul tələb edib. 

Ümumilikdə, R.Q.-ya 27 400 manat puls verilsə də, o vədinə əməl etməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. R.Q. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə R.Q. verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, həmçinin bildirib ki, zərərçəkmişdən 10 040 manat alıb. 

Məhkəmənin hökmü ilə R.Q.-ya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu müddət verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->