Xəbər lenti

ABŞ və Çin arası hərrac kimi tarif faizləri: Artım hara qədər davam edə bilər?
Dünya 18:08 10.04.2025

ABŞ və Çin arası hərrac kimi tarif faizləri: Artım hara qədər davam edə bilər?

"Tramp adminstrasiyasının son davranışları və digər ölkələrin bu fonda qəbul etdiyi qərarlar onu deməyə əsas verir ki, bundan sonrakı dövrdə paradoks iqtisadi siyasətləri, münasibətlərdə eniş və yoxuşları daha tez-tez görəcəyik”. 

Qaynarinfo-ya açıqlamasında bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov ABŞ Prezidenti Trampın Çinə münasibətdə tarifləri 125 faizə qədər aqressiv və dinamik şəkildə yüksəltməsinin nəyə səbəb olacağını şərh edərkən deyib. 

Həmsöhbətimiz deyir ki, ABŞ müəyyən məsələlərdə öz şərtlərini Çinə diktə etmək istəyir:

"Bununla Tramp hazırda Çinin xeyrinə olan ticarət münasibətlərində vəziyyətin dəyişdirilməsinə cəhd edir. Təbii ki, qarşı tərəf də adekvat reaksiya verir”. 

Mərkəz rəhbəri düşünür ki, bu davranış heç də rasional davranış deyil və kifayət qədər ciddi fəsadlara gətirib çıxaracaq:

"Qəbul edilən qərarlarda vətəndaşların hansı fəsadlarla üzləşəcəyi, biznesin hansı dərəcədə təsirlənəcəyi barədə heç nə düşünmürlər. Sadəcə, siyasi liderlər eqoları daxilində addımlar atırlar”. 
 


Ekspertin fikrincə, belə yanaşma uzun müddət davam etməyəcək: 

"Hər iki iqtisadiyyat üçün ciddi fəsadlar baş verəcək. Bu, faktiki olaraq Çində hələlik görünməsə də, artıq ABŞ cəmiyyəti Trampın siyasətinə qarşı ciddi etirazlarını ortaya qoyur. Bu da onu deməyə əsas verir ki, yaxın gələckdə Trampın atdığı addımlardan geri çəkilməsi ehtimalı daha böyükdür. Belə olarsa, risklər də azala bilər”. 

Həmsöhbətimiz deyir ki, rüsum faizinin artmasının hara qədər davam edəcəyini isə proqnozlaşdırmaq çətindir:

"Faktiki görünən odur ki, Tramp Çin liderinin zəngini gözləyir. Bu da dünyanın optimal olmayan geosiyasi məcraya yönəlməsinin işarəsidir”.
  
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrə tətbiq etdiyi gömrük rüsumu siyasətini 90 günlüyə dondursa da, Çinə münasibətdə daha sərt qərarlar qəbul edib. Dünən Tramp gözlənilmədən bəyan edib ki, Çin istisna olmaqla ABŞ-ın bütün ölkələr üçün gömrük tarifləri müvəqqəti olaraq 10 faizə endirilir. Çinə münasibətdə isə tariflər təkcə yüksək səviyyədə saxlanılmayacaq, əlavə olaraq artırılacaq - artıq 125 faizə qədər”. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->