ABŞ Ukraynadakı müharibəyə son qoymaq üçün "sülh planı” təqdim edib. Bu plana ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanıması və 2022-ci il işğalından sonra Rusiya nəzarətinə keçmiş demək olar ki, bütün ərazilərin qeyri-rəsmi tanınması daxildir.
Qaynarinfo "Axios"a istinadla xəbər verir ki, Vaşinqton bu təklifi Londonda keçiriləcək görüşdə Ukraynanın cavabını almaq üçün irəli
sürüb.
Ukrayna hökumətinə yaxın mənbə Axios nəşrinə bildirib ki, Kiyev bu təklifi Rusiyanın maraqlarına tam uyğun və birtərəfli sayır.
"Mətn açıq şəkildə göstərir ki, Rusiya nə əldə edir, amma Ukraynanın nə alacağı isə ümumi və qeyri-müəyyən şəkildə ifadə olunur”, – deyə mənbə bildirib.
Trampın təklifinə əsasən Ukrayna nə əldə edir:
- "Etibarlı təhlükəsizlik zəmanəti”: müəyyən Avropa ölkələri və ehtimal ki, bəzi qeyri-avropa tərəfdaşlardan ibarət xüsusi qrup tərəfindən təmin olunacaq. Lakin sənəddə bu sülhməramlı mexanizmin necə işləyəcəyi və ABŞ-ın bu işdə iştirak edib-etməyəcəyi göstərilmir.
- Rusiya tərəfindən işğal olunmuş Xarkov vilayətinin kiçik bir hissəsinin geri qaytarılması.
- Ukraynanın cənubunda cəbhə xətti boyunca uzanan Dnepr çayına maneəsiz çıxış.
- Təmir və bərpa işləri üçün kompensasiya və yardım. Lakin vəsaitin hansı mənbədən ayrılacağı göstərilmir.
- Zaporojye AES Ukrayna ərazisi sayılacaq, lakin ABŞ tərəfindən idarə ediləcək və stansiyadan əldə olunan elektrik həm Ukraynaya, həm də Rusiyaya veriləcək.
ABŞ ilə Ukrayna arasında mineral resurslarla bağlı bir razılaşma imzalanacaq. Trampın sözlərinə görə, bu saziş cümə axşamı imzalanmalıdır.
Trampın təklifinə əsasən Rusiya nə əldə edir:
- ABŞ tərəfindən Krım üzərində Rusiyanın nəzarətinin de-yure tanınması.
- Demək olar ki, bütün Luqansk vilayəti və Donetsk, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələri üzərində Rusiyanın nəzarətinin de-fakto tanınması.
- Ukraynanın NATO-ya üzv olmayacağına dair vəd. Bununla yanaşı, Ukraynanın Aİ-yə üzv olması mümkündür.
- 2014-cü ildən tətbiq olunmuş sanksiyaların ləğvi.
- ABŞ ilə, xüsusilə enerji və sənaye sahələrində genişlənmiş iqtisadi əməkdaşlıq.
"Axios"un məlumatına görə, Ukrayna Londonda keçiriləcək görüşdə bu planı müzakirə etməyi düşünmür.
"Son 24 saatda Ukraynalıların Londonda keçiriləcək görüşlərdə sülh planının strukturunu deyil, 30 günlük atəşkəs məsələsini müzakirə etmək istədikləri ilə bağlı əlamətlər vardı”, – deyə amerikalı rəsmilərdən biri bildirib.
Bu səbəbdən ABŞ dövlət katibi Marko Rubionun Londona səfər etməməsinə qərar verilib. Onun əvəzinə ABŞ nümayəndə heyəti danışıqları Böyük Britaniya və Ukrayna rəsmiləri ilə davam etdirəcək.
ABŞ-ın Ukraynada müharibəni bitirmə planı
UNİAN daha əvvəl yazmışdı ki, ABŞ prezidenti Donald Tramp bu həftə Ukrayna ilə Rusiya arasında "razılaşma” əldə oluna biləcəyini bəyan edib.
Bloomberg isə yaxın günlərdə yazmışdı ki, ABŞ sülh sazişi çərçivəsində Krımın müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunmuş ərazi kimi tanınmasına hazırdır. Vaşinqton isə bu məlumatı rəsmi səviyyədə təsdiqləməyib.
The Washington Post isə yazır ki, ABŞ Londonda Krımın Rusiya ərazisi kimi rəsmi tanınmasını və cəbhə xəttinin dondurulmasını təklif edəcək.
Bu həftə Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof Londondakı görüşdən sonra yenidən Rusiyaya gedəcək və atəşkəslə bağlı danışıqları davam etdirəcək.
Alpər
Şərhlər