Xəbər lenti

Azərbaycan Prezidentinin Çin səfəri və keçirdiyi görüşlərin əhəmiyyəti... (TƏHLİL)
Siyasət 14:50 23.04.2025

Azərbaycan Prezidentinin Çin səfəri və keçirdiyi görüşlərin əhəmiyyəti... (TƏHLİL)

"Azərbaycan Prezidentinin Çin Xalq Respublikası sədri Si Szinpinin dəvətilə Pekinə səfəri ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfəri və keçirdiyi görüşləri təhlil edərkən deyib.

Elşad Mirbəşiroğlu bildirib ki, bu səfər Azərbaycanla Çin arasında təmasların sıxlığının göstəricisidir. Azərbaycan Prezidenti artıq dördüncü dəfə Çinə səfər edir:

"2014, 2015 və 2019-cu illərdə də bu səfərlər baş tutub. 2015-ci ildə baş tutan səfər Bakı ilə Pekin arasında əməkdaşlığın sürətli inkişafında mühüm rol oynadı. Sonrakı mərhələdə iki ölkə arasında iqtisadi əməkdaşlıq sürətlə genişləndi, həm də Çinin fəal rol oynadığı platformalarda Azərbaycanın iştirakçılığı genişləndi. Azərbaycan 2016-cı ildə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunu aldı və bu təşkilat çərçivəsində ölkəmiz əlaqələri inkişaf etdirmək imkanı qazandı. Bu istiqamətdə ötən il Almatıda keçirilən görüşü xüsusi qeyd etmək lazımdır. 2024-cü ildə Almatıda Çin və Azərbaycan liderləri arasında görüş baş tutdu".
 


Həmsöhbətimiz qeyd edir ki, iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq müqaviləsi gələcək əməkdaşlığa xüsusi töhfədir: 

"Nəticədə tərəflər arasında strateji tərəfdaşlıq anlaşması imzalandı. Bu isə iki ölkə arasında gələcək əməkdaşlığa xüsusi təkan verdi. Azərbaycan Çinin olduğu BRICS platformasında da aktivdir. Təşkilata üzv olmaq üçün müraciət ünvanlanıb".
 
Ekspert bildirir ki, Azərbaycanla Çini bir sıra ortaq maraqlar birləşdirir:

"Nəqliyyat, loqistika sahəsində hər iki ölkənin ciddi maraqları mövcuddur. Azərbaycanın sahib olduğu nəqliyyat-loqistika infrastrukturu Çin üçün olduqca cəlbedicidir. Azərbaycanın iştirakı ilə Çin Orta Dəhlizin imkanlarından geniş istifadə edir. Gələcəkdə yaradılan nəqliyyat-kommunikasiya imkanları də Çinin "Bir kəmər, bir yol" konsepsiyasının da mühüm komponenti ola bilər. Eyni zamanda, Azərbaycan ərazisindən keçən şimal-cənub, şərq-qərb dəhlizlərinin də mühüm elementlərini təşkil edə bilər. Bütün bunlar Çinin Avropa bazarlarına çxış inkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Bir sözlə, Azərbaycan Prezidentinin Çinə səfəri və görüşləri iki ölkə arasında həm siyasi təmasları daha da sıxlaşdırır, həm də bu ölkə ilə iqtisadi-ticari sahədə daha sıx təmasların qurulması ilə Azərbaycanın iqtisadi dividentlərini əhəmiyyətli dərəcədə artıracaq".

Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə səfəri fonunda bu ölkə ilə bir sıra mühüm sənədlər imzalanıb. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Szinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Əvvəlcə Prezident İlham Əliyev və Sədr Si Szinpin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında "Birgə Bəyanat”ı imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i və "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

Bundan başqa tərəflər arasında daha 18 sahə üzrə müxtəlif sənədlər imzalanıb. 

Bütün bunlar Pekinlə Bakı arasında münasibətlərin yüksələn xətt üzrə getdiyinin göstəricisidir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->