ABŞ-ın sülh təşəbbüslərinə Ukrayna və Rusiyadan müsbət cavab gəlməzsə, ABŞ Ukraynada müharibəyə son qoymaq məqsədilə aparılan danışıqlarda vasitəçi rolundan imtina edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Clash Report”a
açıqlamasında bildirib.
Vens qeyd edib ki, Tramp administrasiyası həm Ukrayna, həm də Rusiya üçün "ədalətli təklif” irəli sürüb:
"Əgər (ABŞ-ın sülh planına-red.) müsbət cavab almasaq, Rusiya və Ukrayna arasında vasitəçilikdən imtina edəcəyik. Biz həm ruslara, həm də ukraynalılara konkret və ədalətli təklif təqdim etmişik", deyə Vens bildirib.
Qeyd edək ki, ABŞ-ın təklif etdiyi "sülh planı” Krımın Rusiya ərazisi kimi tanınmasını və 2022-ci il işğalından sonra Rusiya tərəfindən nəzarətə götürülmüş demək olar ki, bütün ərazilərin qeyri-rəsmi tanınmasını nəzərdə tutur. Ağ Ev bu plana cavab olaraq Ukraynadan Londonda keçiriləcək görüşdə rəy gözləyirdi, lakin görüş ləğv olunub.
Bundan əvvəl "Bloomberg" yazmışdı ki, ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa və bunu sülh sazişi çərçivəsində rəsmiləşdirməyə hazırdır. "Washington Post" isə bildirirdi ki, ABŞ Londonda Krımın rəsmi olaraq Rusiyaya məxsusluğunu tanımağı və cəbhə xəttinin dondurulmasını təklif edəcək.
Bu həftə Trampın xüsusi nümayəndəsi Stiv Vitkof Londondakı görüşdən sonra yenidən Rusiyaya yollanacaq və atəşkəs şərtləri üzrə danışıqları davam etdirəcək.
Alpər
Şərhlər