"Axios qəzeti süni intellekt sahəsində fəaliyyət göstərən şirkət rəhbərlərinin çoxsaylı fikirlərinə istinad edərək bildirir ki, bu texnologiya düşündüyümüzdən daha sürətlə inkişaf edir və əksər insanlar onun təsirinin miqyasını yalnız dəyişiklik baş verdikdən sonra anlayacaqlar.
Qaynarinfo-nun məlumatına görə, Virciniya Universitetindən iqtisadçı Anton Korinek hesab edir ki, internetlə müqayisədə süni intellekt əsl fırtına təsiri yaradacaq. O, "Anthropic" şirkətinin müşavirə şurasının üzvüdür və bildirir ki, əgər texnologiya indiki templə inkişaf etməyə davam edərsə, cəmiyyət bu nəticələrə hazır deyil.
Mövcud modellərin hələ ki, dünyanı anlama baxımından insandan geri qaldığı məlum olsa da, son iki ildəki sürətli inkişaf yaxın gələcəkdə insanı geridə qoyan intellektin ortaya çıxması ehtimalını ciddi şəkildə gündəmə gətirir.
"OpenAI" şirkətinin baş direktoru, ChatGPT-nin yaradıcısı Sem Altman bloqunda qeyd edib ki, biz artıq süni intellektin insanı ötəcəyi reallığa doğru irəliləyirik.
"Anthropic"in rəhbəri Dario Amodey isə bildirib ki, süni intellekt yaxın bir neçə ildə aşağı səviyyəli ofis işçilərinin yarısını əvəz edə bilər. Süni intellektin əsas banilərindən biri olan Cefri Hinton da texnologiyanın inkişaf sürətinin onun gözləntilərini üstələdiyini etiraf edib.
Anton Korinekin fikrincə, qeyri-müəyyənlik şəraitində insanlar gözləməyi üstün tuturlar, lakin bu yanaşma baha başa gələ bilər. Texnologiyalar dayanmayacaq və gecikmə cəmiyyətə böyük zərər verə bilər.
Artıq müəyyən dəyişikliklərin əlamətləri görünməkdədir. "Amazon”, "Ford” və "Shopify” şirkətlərinin rəhbərləri süni intellektin tətbiqinin işçi sayına təsir edəcəyini etiraf ediblər. "Shopify” isə daha da irəli gedərək, yeni vakansiyaların açılması üçün vəzifənin süni intellektlə avtomatlaşdırıla bilməyəcəyinə dair əsaslandırma tələb edir.
Eyni zamanda, süni intellekt təhsilə də daxil olur. ChatGPT təqdim edildikdən cəmi iki ay sonra ABŞ-da tələbələrin 90 faizi ondan istifadə etdiklərini bildiriblər. Müəllimlər və təhsil mütəxəssisləri isə bu texnologiyaya münasibətdə hələ də yekdil fikrə gəlməyiblər. Ekspertlərin fikrincə, süni intellektin təhsildə tam qadağan olunması mümkün deyil.
Bununla yanaşı, sahədə hamı radikal proqnozlara qatılmır. "Meta” şirkətinin baş süni intellekt mühəndisi Yann Lekun qeyd edir ki, hazırda heç bir dil modeli sağlam düşüncə və reallığı qavrama baxımından adi bir pişiklə belə müqayisə oluna bilməz.
Bəzi şirkətlərin özlərini texnologiya lideri kimi göstərmək üçün süni intellektin imkanlarını şişirtdiyi ehtimalı da istisna edilmir.
Lakin inkişaf bu gün dayansa belə (bu olduqca qeyri-realdır), süni intellekt artıq əmək bazarı, biznes və gündəlik həyat üçün kifayət qədər dəyişiklik yaradıb.
Korinekin sözlərinə görə, süni intellektin başqa bir potensialı da var: məhsuldarlığı artırmaq, daha geniş rifaha şərait yaratmaq, iqtisadiyyatı daha səmərəli və ədalətli etmək. Əsas məsələ – bu dəyişiklikləri doğru istiqamətə yönəltməkdir.
Qeyd edək ki, daha əvvəl xəbər verilmişdi ki, bu yay "OpenAI” insanla ayırd edilməsi çətin olacaq yeni süni intellekt modelini təqdim edəcək. ChatGPT 5 əvvəlki modellərin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirəcək.
Aydın
Şərhlər