"Prosesi pozmaq cəhdləri olacaq, lakin hazırkı proses əvvəlkilərindən xeyli dərəcədə fərqlənir və PKK artıq özünü buraxıb, bu istiqamətdə böyük irəliləyiş var".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın ikinci dəfə tərəfdarlarına "silahı yerə qoyun" çağırışı ilə müraciət etməsini şərh edərkən deyib.
"Öcalan tərəfindən PKK-ya edilən bu növbəti çağırış əvvəlki çağırışın təsirinin olmaması anlamına gəlmir. Bu dəfə məsələ ətrafında ciddi proses gedir və cümə günü silah təhvil verilməsi prosesinə start veriləcək. Bu, əvvəlki proseslərdən xeyli dərəcədə fərqlənir", deyə ekspert bildirib.
Kənan Rövşənoğlunun fikrincə, problem yalnız bu dəfə də 3-cü qüvvələrin prosesi poza bilməsi təhlükəsilə bağlıdır:
"Bazar günü İraqın şimalında PKK mağarasında 12 Türkiyə hərbçisnin metan qazından zəhərlənməsi barışıq və silah təhvil verilməsi prosesində ciddi həyəcan yaratdı. İnsanlar qəzəblənir, bu hadisənin təbii fəlakət və ya qəsd olması bilinməsəbelə, onlara terroru və PKK terrorunu xatırladır. Bu mənada silahların təhvilvermə prosesini pozmaq və təxribat yaratmaq cəhdləri olacaq".
Digər tərəfdən, ekspert düşünür ki, silahı yerə qoyacağı təqdirdə mühakimə edilməsi ehtimalı yüksək olan və törətdiyi terror hadisələrinə görə qisasdan qorxan çox sayda PKK terrorçusu təslim olmayacaq:
"Onların uzaq 3-cü ölkəyə göndərilməsi məsləsi olsa da, bir çoxunun getmək istəyəcəyi real deyil. Nəhayət, müəyyən qüvvələr kürd separatizmi və regionda terrorun davam etməsinə çalışmaqda davam edəcəklər".
Qeyd edək ki, bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına "silahı yerə qoyun" çağırışı edib. İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb.
"Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram", deyə PKK lideri açıqlamasında bildirib.
Öcalan qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) milli dövlət yaratmaq məqsədindən əl çəkərək, əsas hərbi strategiyasından da imtina edib və mövcudluğunu bitirib.
Xatırladaq ki, bundan əvvəl də PKK lideri tərəfdarlarına "silahı yerə qoyun" çağırışı edib. Bu gün həmin istiqamətdə edilən çağırış isə artıq ikinci belə çağırışdır.
Rüfət Sultan
Şərhlər