"Apple" şirkəti "iPhone 17" smartfon seriyasının qiymətlərini 50 ABŞ dolları artırmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Jefferies" agentliyinin nüfuzlu analitiki Edison Li məlumat verib.
Onun sözlərinə görə, qiymət artımı cihazların istehsal dəyərinin yüksəlməsi və ABŞ-Çin ticarət müharibəsinin təsiri ilə bağlıdır.
Qiymət dəyişikliyi bütün modellərə şamil olunacaq, yalnız baza versiyası istisna təşkil edir. Hazırda "iPhone 16" seriyası 799 dollardan başlayır, ən yüksək model isə 1099 dollardan satışa çıxarılıb. "iPhone 17" modellərinin təxmini qiymətləri belə olacaq:
* iPhone 17 - 799 dollar
* iPhone 17 Air - 899 dollar
* iPhone 17 Pro - 1049 dollar
* iPhone 17 Pro Max - 1249 dollar
Yeni model olan və "Plus" versiyasının varisi sayılan nazik "iPhone 17 Air"in dəqiq qiyməti hələ açıqlanmayıb. Şayiələrə görə, bu model üçün ilkin planlaşdırılmış 849 dollarlıq qiymətə əlavə 50 dollar da əlavə oluna bilər.
"The Wall Street Journal"ın mənbələri hələ may ayında xəbər vermişdilər ki, Tramp administrasiyasının tətbiq etdiyi yüksək idxal rüsumları səbəbindən "Apple" "iPhone 17" modellərinin qiymətlərini artırmağa məcbur qalacaq. Şirkət isə bu artımı rəsmi olaraq yeni funksiyalar və dizayn yenilikləri ilə əsaslandırmağa çalışacaq.
Gözlənilir ki, bütün "iPhone 17" modelləri sentyabrın əvvəlində təqdim ediləcək. İnformasiya sızmalarına görə, yeni modellər 120 Hz ekran, 24 MP ön kamera və 12 GB əməli yaddaşla təchiz olunacaq. "Pro" modellərə isə 48 MP telefotokamera, yeni kamera dizaynı və rekord həcmdə batareya kimi özəlliklər daxil ediləcək.
Sentyabr təqdimatında "iPhone 17" seriyası ilə yanaşı, Apple Watch, iPad Pro M5 və ehtimal ki, AirPods 3 də təqdim olunacaq. İlk M5 çipli MacBook modelləri isə 2026-cı ilin yazına qədər təxirə salınıb.
Aydın
Şərhlər