Mərkəzi Bank tərəfindən qəbul edilən yeni tənzimləməyə əsasən, borcalanın kredit kartı üzrə limiti onun xalis aylıq gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Bu limit borcalanın digər kredit təşkilatları qarşısındakı mövcud öhdəlikləri nəzərə alınmaqla hesablanacaq. Bu qərarın verilməsində məqsəd isə əhalinin borclanma imkanlarını real ödəmə qabiliyyətinə uyğunlaşdırmaq və bank sektorundakı riskləri erkən mərhələdə müəyyənləşdirib minimuma endirməkdir.
Mərkəzi Bankın apardığı təhlillər göstərib ki, son dövrlərdə istehlak krediti seqmentində, xüsusən də kredit kartlarında sürətli artım müşahidə olunub. Bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub.
Bəs bu limitin tətbiqi istehlak kreditləri bazarına necə təsir edəcək?
Mərkəzi Bankın bu qərarını Valyuta.az-a şərh edən iqtisadçı Rauf Qarayev hesab edir ki, bu qərar son dövrlərdə Mərkəzi Banka daxil olan çoxsaylı şikayətlərin nəticəsidir:
"Mərkəzi Banka istehlak kreditləri ilə bağlı şikayətlərin sayı artdığı üçün belə bir addım atılıb. Əgər gələcəkdə bu 5 misli limit özünü doğrultmasa, bu göstərici 3 və ya 2 misli ilə əvəz oluna bilər. Əksinə, gəlirlərin artımı fonunda isə məhdudiyyətin yumşaldılması da mümkündür”.
İqtisadçı bildirir ki, yeni limit vətəndaşların həddən artıq borclanmasının qarşısını almağa xidmət edir:
"Çox vaxt insanlar öz gəlir və xərclərini düzgün idarə edə bilmədikləri üçün daima kreditə müraciət edirlər. Bu isə bir müddət sonra ödəmə problemlərinə, nəticədə məhkəmə işlərinə səbəb olur. Məhkəmələrdə isə bankların girov qoyulmuş əmlakların satışa çıxarılması halları artır. Yeni limit bu tipli riskləri minimuma endirməyi hədəfləyir”.
Rauf Qarayev əlavə edib ki, bəzən gəlirləri kifayət qədər olmayan şəxslərə də kredit ayrılır:
"Bu şəxslər çıxan əlavə xərcləri aradan qaldırmaq üçün kreditlərə müraciət edirlər. Bəzi hallarda şifahi tapşırıqlarla gəliri az olan insanlara, xüsusilə də təqaüdçülərə kredit verilməsini müşahidə etmişik. Belə kreditlər isə bəzən müəyyən problemlər yaradır. Hər bir şəxsin gündəlik ehtiyacları və real ödəmə qabiliyyəti nəzərə alınmalıdır”.
"Bu dəyişikliklərin yaxın 1 ildə əhalinin istehlak xərclərinə və bank sektorunun gəlirlərinə hansı təsiri gözlənilir?” sualına cavab olaraq Rauf Qarayev bildirib ki, qərarın effektivliyi üçün tənzimləmə mexanizmi işlənməli, nəzarət gücləndirilməli və daimi monitorinqlər aparılmalıdır:
"Yalnız bu zaman dəqiq proqnozlar və uyğun qərarlar qəbul edilə bilər. Ona görə də hazırkı vəziyyət nəzarətdə saxlanılmalıdır”.
Bank sektorunun gəlirlərinə gəlincə, iqtisadçı qeyd edir ki, hökumət 5 əsas bankın həm ümumi, həm də büdcəyə yönələn gəlirlərinin artması üçün dəstək verir:
"Maliyyə Nazirliyi bu banklara büdcədən vəsait ayıraraq onların depozit portfellərini artırır. Qısa müddətdə bu vəsaitlərdən gəlir götürülür və büdcəyə yönləndirilir. Bu da həmin bankların kreditvermə imkanlarını genişləndirir. Burada həm dövlət, həm də banklar qazanır”.
Bankların gəlirləri haqqında danışan ekspert vurğulayıb ki, bankların gəlir mənbələri yalnız istehlak kreditləri ilə məhdudlaşmır:
"Banklar xidmət haqları, müxtəlif ödəniş əməliyyatları, girovların satışından əldə olunan vəsaitlər kimi fərqli kanallar vasitəsilə də gəlir əldə edirlər”.
Şərhlər