İmralıda ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalan videomesaj yayımlayıb və bir daha terror təşkilatını silah buraxmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, Abdullah Öcalan 27 fevral 2025-ci il tarixli "Sülh və demokratik cəmiyyət çağırışı"nı dəstəkləməyə davam etdiyini bildirib.
"Prosesin ümumi mənzərəsi çərçivəsində silahların könüllü şəkildə buraxılması və Türkiyə Böyük Millət Məclisində səlahiyyətli və qanunla yaradılması planlaşdırılan əhatəli bir komissiyanın fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Kiçik düşüncələrə və "sən mənə et, mən sənə etmərəm" kimi münasibətlərə düşmədən addımların diqqətlə və həssaslıqla atılması şərtdir. Atılan addımların nəticəsiz qalmayacağını bilirəm. Səmimiyyəti görür və inanıram", deyə o, qeyd edib.
Öcalan Türkiyə Böyük Millət Məclisində təmsil olunan DEM Partiyasının digər partiyalarla birlikdə bu prosesin uğurla nəticələnməsi üçün öz üzərinə düşəni edəcəyini bildirib.
PKK-dan ilk silah buraxma addımı cümə günü gözlənilir
Terror təşkilatı PKK-ya yaxın mənbələrin məlumatına görə, cümə günü təşkilata bağlı təxminən 30 nəfərlik ilk qrupun İraqın Süleymaniyyə şəhərində yerləşən Raperin bölgəsində silah buraxacağı gözlənilir. Qrup üzvlərinin silahlarını ya torpağa basdıracağı, ya da yandıraraq məhv edəcəyi bildirilir. Təhlükəsizlik səbəbilə jurnalistlər silah buraxma mərasiminə buraxılmayacaq, lakin proses video ilə qeydə alınacaq.
Mərasimin, terror təşkilatına yaxın "peşmərgə" qüvvələrinin nəzarətində keçirilməsi planlaşdırılır. Qrup üzvlərinin AK-47 ("Kalaşnikov") və PKM ("Bixi") tipli yüngül silahları məhv edəcəyi deyilir. Silahlar birbaşa hər hansı rəsmi quruma təhvil verilməyəcək. Qrupun mərasimdən dərhal sonra gəldikləri nəqliyyat vasitələri ilə ərazidən uzaqlaşması nəzərdə tutulur.
PKK və DEM Partiyasından 60-dan çox quruma dəvət
Silah buraxma mərasiminə siyasi partiyalar, işçi konfederasiyaları, QHT-lər, Alevi təşkilatları və qadın birlikləri daxil olmaqla 60-dan çox qurum dəvət olunub. Çox sayda nümayəndənin bu tarixi hadisəyə şahidlik etmək üçün bölgəyə gedəcəyi açıqlanıb. Lakin təhlükəsizlik səbəbilə nə yerli, nə də xarici jurnalistlər silah buraxma sahəsinə buraxılmayacaq. Müstəqil jurnalistlərə də akkreditasiya açılmayıb.
Ərazidə böyük ekran qurulacaq
Silah buraxılacaq bölgənin yaxınlığında böyük bir ekranın qurulacağı və mərasimin görüntülərinin burada yayımlanacağı bildirilir. DEM Partiyasının açıqlamasında qeyd olunub ki, tərəflərin razılığı və təhlükəsizlik birimlərinin qiymətləndirməsi nəticəsində mərasimin media üçün qapalı, ayrıca bir məkanda keçirilməsinə qərar verilib. Görüntülər media nümayəndələri ilə ekran vasitəsilə paylaşılacaq. Media üçün bütün imkanlar təmin ediləcək.
MİT rəhbəri Bağdadda danışıqlar aparıb
Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın Bağdadı ziyarət edərək, İraqın Baş naziri Məhəmməd Şii əs-Sudani və digər rəsmilərlə görüşüb. Görüşlərdə silah buraxma mərasimindən əvvəl və sonra təhlükəsizlik məsələləri, habelə İraqla prosesin koordinasiyası müzakirə olunub.
Kalın bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək. O, prosesin son durumu və İraqda gözlənilən inkişaflar barədə məlumat verəcək. Kurtulmuş isə TBMM-də yaradılması planlaşdırılan komissiyanın adı, iş üsulu və səlahiyyətləri ilə bağlı partiyalardan ümumi mövqe almışdı.
Aydın
Şərhlər