Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan inspektoru Şahin İsgəndərovun cəzası azaldılıb.
Qaynarinfo-nun məlumatına görə, ötən ay Ali Məhkəmədə Şahin İsgəndərovun kassasiya şikayətinə baxılıb. Hakim İlqar Qılıcov şikayəti təmin edib. Şahin İsgəndərovun cəzası 5 ildən 3 ilə endirilib.
Şahin İsgəndərov 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin DGK-nın Aksizli mallar İdarəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İsgəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. O, Azərbaycan vətəndaşı Sənan Əlişov adlı şəxsin Bakıya gətirdiyi 5 "Prius" və bir "Mercedes" markalı avtomobilləri alış qiymətindən aşağı qeydiyyata alaraq həmin avtomobillərin dövlət rüsumunu aşağı qiymətə hesablayıb. Şahin İsgəndərov bunun müqabilində avtomobil sahibindən külli miqdarda rüşvət alıb.
Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Şahin İsgəndərov 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Seyid
Şərhlər