Xəbər lenti

Dünya 23:33 17.07.2025

"Foreign Policy" Trampın harada yanıldığını və nə etməli olduğunu izah etdi

ABŞ prezidenti Donald Tramp "Öncə Amerika” şüarına əsaslanan xarici siyasətini, xüsusilə Ukrayna məsələsində, nəinki aydın şəkildə izah edə bilmir, hətta bu səbəbdən onu Rusiyanı dəstəkləməkdə ittiham edirlər. 

Qaynarinfo xəbər verir ki, bu fikirlər "Foreign Policy” dərgisində Hudson İnstitutunun baş elmi əməkdaşı Lük Koffinin məqaləsində yer alıb.

Müəllif yazır ki, hazırda vəziyyət dəyişməyə başlayır. Belə ki, ABŞ istehsalı olan milyardlarla dollar dəyərində silahların Ukraynaya göndərilməsi barədə qərar verilib və bu maliyyə Avropa ölkələri tərəfindən qarşılanacaq.

Lük Koffi qeyd edir ki, bu addım Trampa öz tərəfdarları ilə münasibətlərdə siyasi iflasın astanasında balans saxlamağa imkan verir – çünki onların çoxu Ukraynaya yardımların artırılmasına skeptik yanaşır.

Eyni zamanda, Tramp Vladimir Putinə 50 gün vaxt verərək onu sülh danışıqlarına oturmağa çağırıb. Ancaq Koffi vurğulayır ki, Rusiya rəsmiləri bu çağırışı artıq istehza ilə qarşılayır, çünki Tramp daha əvvəl də belə ultimatumlar irəli sürmüş, lakin müddət başa çatdıqdan sonra heç bir tədbir görülməmişdi.

Analitik əsas problemi Trampın ardıcıl və real nəticəyə yönəlmiş bir strategiyasının olmamasında görür. Onun fikrincə, bu, qismən Trampın komandası, xüsusən də Pentaqonun günahıdır.

Məqalədə diqqət çəkən bir nümunə kimi qeyd olunur ki, Pentaqon qəfildən Ukraynaya silah tədarükünü dayandırıb. Bu qərar nəinki Ukraynanı və Avropalı müttəfiqləri, hətta Vaşinqtonda çoxlarını – o cümlədən Trampı da təəccübləndirib. Trampdan bu barədə soruşduqda, bu qərardan xəbərsiz olduğunu deyib.

Koffinin fikrincə, bu qərarın Ukrayna üçün ən ağır dövrə təsadüf etməsi vəziyyəti daha da ağırlaşdırıb – çünki həmin dövrdə Rusiya şəhərlərə hava zərbələri endirərkən Ukrayna hava hücumundan müdafiə sisteminə ciddi ehtiyac duyurdu.

Tramp üçün isə bu qərar NATO sammitinin uğurlu nəticələri, İranın nüvə obyektlərinə qarşı zərbə və ABŞ-ın vasitəçiliyi ilə İran-İsrail müharibəsində əldə edilmiş atəşkəs fonunda yaranmış geopolitik impulsu zəiflədib. Yəni, bu cəmi addımlar Kremlə təzyiq göstərmək üçün Trampa əlverişli fürsət yarada bilərdi, lakin əvəzində silah tədarükünün dayandırılması ABŞ siyasətində daxili parçalanma və qeyri-müəyyənlik siqnalı verdi.

Koffi yazır:

"Trampın bu həftə verdiyi bəyanat məhz bu səbəbdən vacib idi – çünki onun Ukrayna ilə bağlı diplomatik prosesi artıq nəzarətdən çıxıb və şərtləri indi Putin diktə edir”.

Bəs Tramp nə etməlidir? Analitik qeyd edir ki, ilk və ən vacib addım – Trampın ədalətli və dayanıqlı sülhün onun şəxsi maraqlarına xidmət etdiyini rəsmi olaraq qəbul etməsidir. Əks təqdirdə, bu müharibənin başqa cür sonlanması Trampın xaricdəki lider imicinə və ölkə daxilindəki nüfuzuna zərbə vuracaq.

"Əgər Moskva özünü uğurlu tərəf hesab etsə, Trampın həm daxildə, həm də xaricdəki tənqidçiləri onun xarici siyasətinin gücünə və məntiqli strategiyasına haqlı olaraq şübhə ilə yanaşacaq”.

Koffi vurğulayır ki, Tramp artıq Ukraynadakı müharibəni "Baydenin savaşı” kimi qələmə verməkdən imtina etməli və məsuliyyəti üzərinə götürməlidir. Onun fikrincə, Oval kabinetdə keçirdiyi 6 aydan sonra bu müharibəni inkar etmək nə siyasi, nə də praktiki baxımdan məqbuldur.

İkinci addım – Tramp Ukraynaya ayrılmış yardım paketinin tam şəkildə istifadəsini təmin etməli və yardımlar bitdikdən sonra Konqresi yeni əlavə yardım paketi qəbul etməyə çağırmalıdır.

Üçüncü addım – Tramp administrasiyası Ukraynanın müdafiə sənayesinin inkişafı üçün strategiya hazırlamalı və onu ABŞ-ın hərbi şirkətləri və texnologiya startapları ilə inteqrasiya etməlidir:

"Ukraynanın müdafiə sənayesinin gücləndirilməsi təkcə cəbhəyə silah göndərmək deyil; bu, Ukraynanın uzunmüddətli təhlükəsizliyi üçün ən effektiv təminatlardan biridir və eyni zamanda ABŞ-ın müdafiə sənayesinə də böyük fayda verəcək”.

Məqalənin sonunda xatırladılır ki, Trampın Rusiya ilə bağlı səs-küylü bəyanatında o, Putinə 50 gün vaxt verdiyini bildirib. Əgər bu müddətdə Rusiya sülh danışıqlarına razılıq verməzsə, Trampın sanksiyalar tətbiq edəcəyi vurğulanıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->