"Bundan sonra Rusiya İrəvanla münasibətlərini daha da gərginləşdirəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-dən çıxması ehtimalının qurumla münasibətləri bərpa etməsindən daha yüksək olduğu barədə bəyanatını şərh edərkən deyib.
"Amma bu təkcə Paşinyanın son açıqlaması ilə bağlı deyil. Əslində, tərəflər xeyli müddətdir bir-birinə qarşı açıq müstəvidə hərəkət edirlər. 2026-cı ilin parlament seçkiləri ərəfəsi Rusiya Ermənistandakı tərəfdarlarını toparlayaraq vahid güc halında ortaya çıxarmağa çalışır. Paşinyan da mümkün vasitələrlə çalışır ki, Moskvanın bu niyyətini puç etsin", deyə Taleh Əliyev bildirib.
Həmsöhbətimizin fikrincə, Paşinyanın ölkəsinin KTMT-dən ayrılması ilə bağlı verdiyi açıqlaması əslində Rusiyanın son zamanlar İrəvana yönəlik hərtərəfli və total basqısına verilən reaksiyadır:
"Həmin açıqlamadan sonra iki ölkə arasında münasibətlər daha kəskin xarakter aldı. Onlar arasında münasibətlər onsuz da kifayət qədər gərgindir. Ermənistan Apostol Kilsəsi Paşinyana qarşı ortalığa açıq mövqe qoyub. Xüsusən də Rusiya vətəndaşı olan erməni əsilli milyarder Karapetyan qardaşlarının Ermənistanda yeni siyasi qüvvənin yaradılması ilə bağlı iddiaları ortaya qoyması Moskva-Paşinyan hakimiyyəti kontekstində münasibətlərin hansı həddə qədər gərginləşdiyinin göstəricisidir. Paşinyanın ölkəsinin KTMT-dən çıxması ehtimalının bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksək olduğu barədə açıqlaması əslində Rusiyanın həmin addımlarına qarşı atılan cavab addımıdır".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalının bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksək olduğunu bildirib: "Ermənistanın KTMT-dən çıxması ehtimalı münasibətləri bərpa etməsindən daha yüksəkdir".
Rüfət Sultan
Şərhlər