Xəbər lenti

İsraillə Suriya arasında savaşa səbəb olan Druzlar kimdir? - Namaz qılmırlar, oruc tutmurlar
Dünya 14:58 17.07.2025

İsraillə Suriya arasında savaşa səbəb olan Druzlar kimdir? - Namaz qılmırlar, oruc tutmurlar

Yaxın Şərqin ən qapalı icmalarından biri olan Druzlar Suriyadakı son qarşıdurmalarla birlikdə yenidən diqqət mərkəzinə gəliblər. Əhalisinin böyük bir hissəsi Suriya, Livan, İsrail və İordaniyada yaşayan Druzlar dini inancları ilə yanaşı, yerləşdikləri bölgələrdəki geosiyasi əhəmiyyətləri ilə də fərqlənirlər.

Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, Druz inancının kökləri XI əsrdə Misirdə yaşamış Fatimilər xilafətinin xəlifəsi Əl-Hakim bi Əmrillah dövründə şiəlik məzhəbinin İsmaili qoluna əsaslanır. İcma adını Həmzə bin Əlinin tələbəsi Məhəmməd əd-Druzdan alır. Lakin Druzlar onu rəsmi qurucu olaraq qəbul etmir, inanclarını Həmzə bin Əliyə əsaslandırırlar.

Druzlar hər nə qədər inanc baxımından İslama bağlı olsalar da, namaz, oruc və Həcc kimi ibadətləri yerinə yetirmirlər. Zamanla müxtəlif din və inanclardan təsirlənərək dəyişən Druzlar bu gün İslam məzhəblərindən ciddi şəkildə ayrılıb və İslamdan müstəqil bir inanca çevrilib. Druzlar özlərini müsəlman hesab etmirlər.
 


İslamdan ayrılmış bir inanc sisteminə sahib olmaları Druzları yaşadıqları bölgələrdə azlığa çevirib və bu səbəbdən də icma qapalı bir struktur qazanıb. Hazırda Druz dini mətnlərini yalnız bu inanca mənsub şəxslərin oxumasına icazə verilir. Xaricə qarşı olduqca qapalı olan Druzlar inanclarını yayma məqsədi daşımırlar və bu inanca daxil olma və ya çıxma halını qəbul etmirlər.
Dünyada 1 ilə 2,5 milyon arasında Druzun yaşadığı təxmin edilir. Onların böyük hissəsi Suriyanın Süveyda bölgəsində yerləşən və Cəbəl əd-Druz (Druz dağları) olaraq bilinən ərazidə yaşayır.

Suriyada 700 minə yaxın Druzun yaşadığı ehtimal olunur. Bu sıxlıq onların Suriya siyasətində mühüm mövqe tutmalarına səbəb olub. Ən böyük ikinci Druz icması isə təxminən 300 min Druzun yaşadığı Livandadır.

İsraildə isə əsasən Qolan təpələrində cəmlənmiş 100 minə yaxın Druz yaşayır. İsrail ərazisində Druz əhalisinin mövcudluğu, digər ölkələrdəki Dürzilərin məsələlərində söz sahibi olduqlarını iddia etmələrinə əsas verir.
 


Suriyada vətəndaş müharibəsi dövründə Druzlar Bəşər Əsəd rejiminə qarşı açıq şəkildə müxalif mövqe sərgiləməsələr də, birbaşa tərəfdar da olmayıblar. Süveydadakı yerli müdafiə qrupları zaman-zaman rejimlə, bəzən də müxalif və radikal qruplarla qarşıdurmaya girdilər. Bu çevik mövqe, Druzlar tarixi yaşamaq strategiyasının davamı kimi qiymətləndirilir.

Druzlar İslamın batini (ezoterik) şərhlərindən bəhrələnən, lakin özünəməxsus ilahiyyat prinsipləri ilə formalaşan bir inanc sistemidir. Əsasını tövhid – Tanrının birliyi anlayışı təşkil edir. Druzlar Tanrının yer üzündə müəyyən dövrlərdə insan surətində təcəlla etdiyinə və ən son, ən uca təcəllasının Fatimilər xəlifəsi əl-Hakim bin Əmrillah olduğuna inanırlar. Onun ölümü isə gizlənmə kimi şərh olunur və qiyamətdən əvvəl geri dönəcəyinə inanılır.

Druzlar ibadət, digər İslam məzhəblərindən fərqlidir. Namaz, oruc və həcc ibadətləri yerinə yetirilmir. Bu inanc sistemində ibadət daha çox daxili əxlaqi intizam və ictimai sədaqət prinsiplərinə əsaslanır.

Druzluqda yalnız "uqqal” (alimlər) adlandırılan dini elita təbəqəsi dini mətnlərə və təlimlərə tam çıxış əldə edir. "Cuhhal” olaraq adlandırılan sadə Druzlar isə gündəlik həyatlarında inanclarını sadəlik prinsipi ilə davam etdirirlər.

Druzluğun yeddi əsas prinsipi bunlardır: doğru danışmaq, digər Druzları qorumaq, inanca sədaqət, şeytandan uzaq durmaq, əvvəlki inancları tərk etmək, Tanrının birliyinə inanmaq və Tanrının əmrlərinə tabe olmaq. Druzluqda cənnət və cəhənnəm inancı yoxdur; onun yerinə reinkarnasiyaya (tənasüh) inanılır. Bu inanca görə, yaxşılıq edənlər daha yaxşı bir şəraitdə, pislik edənlər isə daha pis şərtlərlə yenidən dünyaya gəlirlər.
 


İsrail Suriya hökumətinə bağlı qüvvələrin Süveyda şəhərinə yerləşdirilməsinə qarşı çıxaraq, dünən xəbərdarlıq məqsədli olduğu iddia edilən hücumla Dəməşqdəki Suriya Prezident Sarayı və Müdafiə Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarını hədəfə almışdı.

İsrail Ordu Radiosu-nun "X” platformasındakı paylaşımında hücumla bağlı görüntülər və məlumatlar yer almış, İsrail ordusunun Dəməşqdəki Baş Qərargaha və eyni zamanda Prezident Sarayına hücum təşkil etdiyi və bu hərbi əməliyyatın xəbərdarlıq məqsədilə həyata keçirildiyi bildirilmişdi.
Bundan əlavə, İsrail ordusunun bu günə qədər Suriyanın cənub-qərbində yerləşən Süveyda bölgəsinə ən azı 160 hava hücumu təşkil etdiyi və bu hücumlarda Suriya ordusunun nəzarətində olan bölgələrin və hərbi hədəflərin vurulduğu qeyd olunmuşdu.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->