Xəbər lenti

Britaniyada DNT-si üç valideyndən olan səkkiz körpə dünyaya gəlib
Dünya 22:28 17.07.2025

Britaniyada DNT-si üç valideyndən olan səkkiz körpə dünyaya gəlib

Böyük Britaniyada irsi mitoxondrial xəstəliklərin qarşısını almaq məqsədilə genetik müdaxilə ilə doğulan səkkiz körpə dünyaya gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Son beş il ərzində aparılan klinik prosedur nəticəsində dörd qız və dörd oğlan doğulub. Körpələrdən ikisi biryumurtalı əkizlərdir və hal-hazırda hamısı sağlamdır.

Bu prosesdə əsas məqsəd – ana tərəfindən ötürülə bilən sağalmaz mitoxondrial xəstəliklərin qarşısını almaqdır. Bu xəstəlik hər 5000 doğuşdan birində müşahidə olunur və sinir sistemi, maddələr mübadiləsi və inkişafla bağlı ağır pozuntulara səbəb ola bilər. Xəstəliyin ağırlıq dərəcəsi mitoxondridəki mutasiyaların növü və sayından asılıdır.

Əməliyyat zamanı ananın sağlam nüvə DNT-si götürülərək, xəstə mitoxondriləri olmayan donor yumurtasına yerləşdirilir. Beləliklə, körpənin genetik materialı əsasən bioloji valideynlərindən, lakin mitoxondrial DNT isə üçüncü şəxsdən – donor qadından gəlir. Bu səbəbdən belə uşaqlara "üç valideynli körpələr" deyilir.

Araşdırmaya qatılan 22 qadından yalnız yeddisi hamilə qala bilib. Onların hər biri genetik olaraq risk qrupunda olub – yəni təhlükəli mitoxondrial mutasiyaları övladlarına ötürmək ehtimalları çox yüksəkdir.

Bu uğurlu nəticə – həm genetik xəstəliklərin qarşısının alınması, həm də gen mühəndisliyi sahəsində tibbin yeni imkanları baxımından mühüm addım sayılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->