"Amazon" şirkətinin banisi və milyarder Ceff Bezos həyat yoldaşı üçün məşhur "Vogue" jurnalının nəşriyyatını almağı qərara alıb.
Qayanrinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Bildirilib ki, "Vogue", "The New Yorker" və "Vanity Fair" kimi tanınmış nəşrlərin sahibi olan "Conde Nast" şirkətinin dəyəri təxminən 5 milyard dollar olaraq qiymətləndirilir. Bezos bu ideyanı nikah mərasimindən sonra - həyat yoldaşı Loren Sançesin "Vogue" jurnalının üz qabığında yer almasından sonra düşünməyə başlayıb.
"Vogue" jurnalının baş redaktoru Anna Vinturun istefası, dünyanın müxtəlif ölkələrində ofislərdə aparılan ixtisarlar və jurnalın Londondakı buraxılışının dayandırılması ilə bağlı xəbərlər ekspertlər tərəfindən bu şayiələrin təsdiqi kimi dəyərləndirilir.
Milyarder Ceff Bezos 26 iyun tarixində telejurnalist Loren Sançes ilə evlənib. "Page Six" tabloidinin yazdığına görə, cütlük İtaliyaya getməzdən əvvəl ABŞ-da qeyri-rəsmi nikaha daxil olub.
Rəsmi məlumatlara əsasən, toy mərasimi 47–56 milyon dollara başa gəlib. Lakin İtaliya Turizm Nazirliyinin məlumatına görə, bu toyun mediada geniş işıqlandırılması və digər dolayı xərclər sayəsində İtaliya büdcəsinə əlavə olaraq təxminən 1 milyard dollar gəlir daxil olacaq.
Mərasimə 200-ə yaxın məşhur və biznes elitasının nümayəndəsi dəvət olunmuşdu. Qonaqlar arasında ABŞ-ın sabiq prezidenti Donald Trampın qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner, aparıcı Opre Uinfri, "Microsoft"un banisi Bill Qeyts, aktyor Leonardo Di Kaprio və başqaları yer alıb.
Aydın
Şərhlər