Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.
Qaynarinfo xəbər verir ki, bu barədə həm Şimali Koreya, həm də Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Lavrov ASEAN xarici işlər nazirləri ilə görüşdən sonra raket və hərbi-dəniz obyektləri ilə tanınan Şimali Koreyanın Vonsan şəhərinə gəlib.
Lavrov burada Şimali Koreyanın xarici işlər naziri Çxve Son Xi ilə görüş keçirib. Görüş zamanı əsas müzakirə mövzuları Ukraynadakı müharibə və Koreya yarımadasındakı vəziyyət olub.
Lavrov bəyan edib ki, Rusiya Şimali Koreyadan Ukrayna müharibəsində yardım almaqdan imtina etmək üçün heç bir səbəb görməyib və bu yardımı "səmimi həmrəylik aktı” adlandırıb.
O əlavə edib ki, Rusiyaya gələcək yardım məsələsinə şəxsən Kim Çen In qərar verir.
Lavrov, həmçinin Vladimir Putin və Kim Çen In arasında görüş ehtimalına da toxunub və bildirib ki, liderlər daim təmasdadır və yüksək səviyyəli görüşlər mütləq baş tutacaq.
O, Qərbin Ukraynanı müdafiə etmək üçün "istəklilər koalisiyası” çərçivəsində çoxmillətli qüvvələr korpusu yaratmaq planlarını "fantaziya” adlandırıb və bu cəhdləri "Moskvanın ciddi qəbul etmədiyini” bəyan edib.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bəyan etmişdi ki, Rusiya ordusunun Ukraynadakı sursat təminatının təxminən 40%-i Şimali Koreyadan gəlir. Onun sözlərinə görə, Kim rejimi Rusiyaya ballistik raketlər və artilleriya sistemləri göndərir.
Cənubi Koreyanın kəşfiyyat qurumları isə əlavə edirlər ki, KXDR yaxın aylarda Rusiyaya daha çox hərbi qüvvə göndərə bilər. Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, bu proses iyul və ya avqust ayında başlaya bilər.
Alpər
Şərhlər