"Telegram" mesajlaşma tətbiqinin qurucusu Pavel Durov Fransa hakimiyyətini ifadə azadlığı və texnoloji tərəqqiyə qarşı "səlib yürüşlərində" ittiham etdi.
Qaynarinfo xəbər verir ki, o, bunu X (əvvəlki adı Twitter) sosial şəbəkəsində yazıb.
Durov bu yazı ilə "Politico"nun dərc etdiyi xəbərə reaksiya verib: Fransa X sosial şəbəkəsinə qarşı cinayət işi açaraq, onu xarici müdaxilə məqsədilə alqoritmləri ilə manipulyasiya etməkdə günahlandırıb.
"Telegram"ın qurucusunun sözlərinə görə, Fransa hakimiyyəti internet şirkətlərinin fəaliyyətini tənzimləyən aydın qaydalar müəyyən etmək əvəzinə, öz "ifadə azadlığı və texnoloji tərəqqiyə qarşı səlib yürüşünü" başladıb. Durov hesab edir ki, belə təcrübə investorları qaçırar və Fransa iqtisadiyyatına onilliklər boyu ziyan vurar.
İyun ayında Durov "Telegram" barədə mənfi yazdığı üçün Fransa nəşri olan "Le Monde"u tənqid etmişdi. O, xatırlatmışdı ki, Parisdə həbs edildikdən sonrakı yeddi həftə ərzində qəzet mesenger barədə 40 mənfi məqalə dərc edib.
Pavel Durov 24 avqustda Paris hava limanında saxlanılıb. "Telegram"ın həmtəsisçisi dörd gün həbsdə qaldıqdan sonra azadlığa buraxılıb və ona qarşı məhkəmə nəzarəti tətbiq edilib.
Aydın
Şərhlər