Xəbər lenti

Xarici media: Maskın Amerika Partiyasının perspektivi varmı?
Dünya 21:00 06.07.2025

Xarici media: Maskın Amerika Partiyasının perspektivi varmı?

İlon Mask amerikalılara azadlığı qaytaracağına söz verib: milyarder ABŞ-da Amerika adlı siyasi partiya yaradır. 

Qaynarinfo xəbər verir ki, daha əvvəl o, vergi və federal xərclərin azaldılmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunacağı təqdirdə yeni siyasi qüvvə formalaşdıracağını bəyan etmişdi. Bu həftə Konqresdə cüzi səs fərqi ilə "Böyük möhtəşəm qanun layihəsi” qəbul edilib. Eyni vaxtda Mask sosial şəbəkə "X”də səsvermə başlatmış və iştirak edənlərin üçdə ikisi (800 min nəfərdən bir qədər çox) Amerika Partiyasının yaradılmasını dəstəkləmişdi. Biznesmen artıq 2026-cı il seçkiləri üçün strategiyasını açıqlayıb: yeni siyasi qüvvə Senatda ən azı iki-üç, Nümayəndələr Palatasında isə səkkiz-on yer qazanmağı hədəfləyir. 

"Bu kifayət edəcək ki, mübahisəli qanunlara dair həlledici səsə sahib olaq”, deyə Mask qeyd edib.

Milyarderin bu ambisiyasını reallaşdırmaq imkanlarını dünya mediası təhlil edib. 

Mask hələ 2022-ci ildə partiya yaratmaq niyyətində idi

İlon Mask ilk dəfə 2022-ci ildə öz partiyasını yaratmaq istədiyini bildirmişdi. O zaman siyasətdə nə demokratlar, nə də respublikaçılar arasında özünü rahat hiss etmədiyini söyləmişdi. Lakin 2024-cü ildə o, respublikaçıların və şəxsən Donald Trampın əsas sponsorlarından birinə çevrildi. Biznesmenin sözlərinə görə, son prezident seçkiləri kampaniyasına 280 milyon dollardan çox vəsait xərcləyib.

Mühafizəkarlar artıq Amerika Partiyasının yaradılmasını tənqid ediblər.

"Onların fikrincə, bu yeni siyasi güc respublikaçıların 2026-cı ildə keçiriləcək ara seçkilərdə Konqresdəki üstünlüyünü qorumaq imkanlarını zəiflədə bilər. Bu isə öz növbəsində, demokratlar üçün yaşıl işıq demək olacaq", deyə "Fox News” telekanalı qeyd edib.

Tənqidçilər həmçinin bildirirlər ki, Maskın onlayn keçirdiyi sorğuda botlar və ABŞ vətəndaşı olmayan şəxslər də iştirak etmiş ola bilər.

Milyarder Trampa qarşı bir daha mövqe sərgiləyib

"The Washington Post” qəzetinin yazdığına görə, Mask qarşıdan gələn seçkilərdə bir sıra çətinliklərlə üzləşəcək. Bunlara namizədlərin irəli sürülməsi zamanı qarşıya çıxan institusional maneələr, uzunmüddətli strategiyanın olmaması və potensial seçicilər arasında fikir ayrılıqları daxildir. Qəzet xatırladır ki, 2024-cü ildə ABŞ-ın heç bir ştatında üçüncü partiyalar adından çıxış edən siyasi qüvvə əksəriyyət səsi qazana bilməyib.

"Reuters” agentliyi vurğulayır ki, respublikaçılar və demokratlar arasında siyasi duopoliya artıq 160 ildir davam edir. Orta hesabla, bu iki partiyanın nümayəndələri ştatların qanunverici orqanlarında və federal səviyyədə yerlərin 98%-ni əldə edirlər. Sonuncu dəfə üçüncü siyasi qüvvənin təmsilçisi 2020-ci ildə Konqresdə olub – o zaman Nümayəndələr Palatasının üzvü, respublikaçı Castin Amaş Libertarian Partiyasına qoşulmuşdu. Lakin onun səlahiyyət müddəti bir neçə aydan sonra başa çatıb.

Mask ilə Tramp arasında qarşıdurma "Böyük möhtəşəm qanun layihəsi”nin qəbulundan öncə yenidən alovlanıb. Milyarder qanun layihəsinin qəbulunu ABŞ əhalisi üçün borc əsarəti kimi dəyərləndirib və onun tərəfdarlarını tənqid edib. Tramp isə cavab olaraq Dövlət Effektivliyi Departamentinə Maskın layihələrinə ayrılan dövlət maliyyəsinin araşdırılmasını təklif edib. Qeyd edək ki, bu quruma əvvəl Mask özü rəhbərlik edib.

Hələlik hər şey sosial şəbəkə paylaşımlarından ibarətdir

CNN-in məlumatına görə, "israfçılıq və korrupsiyaya qarşı mübarizə aparacaq” yeni siyasi partiyanın yaradılması ilə bağlı hələlik sosial şəbəkə "X”dəki paylaşımlardan başqa heç bir rəsmi addım atılmayıb. Sahibkar hərəkatını Federal Seçki Komissiyasında qeydiyyatdan keçirmək üçün sənədlər təqdim etməlidir.

"Quantus Insights”ın sorğusuna əsasən, amerikalıların təxminən 40%-i Maskın partiyasını dəstəkləməyə hazırdır. Ağ Ev isə hələlik İlon Maskın Amerika Partiyasını yaratması barədə heç bir açıqlama verməyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->