Yer kürəsinin ən varlı insanı İlon Maskın ABŞ-da yeni siyasi partiya yaratmaq niyyətinə dair bəyanatı Amerika mediasında əsas müzakirə mövzusuna çevrilib. Ekspertlər bu təşəbbüsü Maskın ABŞ prezidenti Donald Trampla kəskin şəkildə yollarını ayırması ilə əlaqələndirirlər, respublikaçıların narahatlığını vurğulayırlar, lakin ABŞ-da bundan əvvəlki üçüncü partiya yaratmaq cəhdlərinin uğursuzluğunu da xatırladırlar.
Qaynarinfo-nun məlumatına görə, müşahidəçilər qeyd edirlər ki, hələlik Mask bu mövzuda konkret addımlar atmadan yalnız bəyanatlarla kifayətlənib.
"New York Post" (Nyu-York, ABŞ):
"İlon Mask Trampa qarşı yeni Amerika partiyası yaradacağını bəyan edir"
Ötən ay Mask Donald Trampın qanunvericilik təşəbbüslərinə qarşı kəskin mövqe sərgiləyib və onları "iyrənc rəzillik” adlandırıb. Respublikaçılar Mask və Tramp arasındakı gərginliyin 2026-cı ildə keçiriləcək aralıq seçkilərində Konqresdə əksəriyyətlərini qoruyub saxlamaq planlarına zərər vura biləcəyindən ehtiyat edirlər.
"Axios" (Arlinqton, ABŞ):
"İlon Mask yeni siyasi partiyanın strategiyasını təqdim edir"
Mask dünyanın ən varlı adamıdır və onun maliyyə imkanları gələn ilin noyabrında keçiriləcək gərgin seçki yarışlarında vəziyyəti dəyişə bilər. Lakin o, dəqiq hansı dairələrdə bu partiyanı dəstəkləyəcəyini açıqlamayıb, buna görə də hələlik bu təşəbbüs qeyri-müəyyən görünür.
"Politico" (Arlinqton, ABŞ):
"Mask Trampdan ayrıldıqdan sonra Amerika üçün yeni partiya yaradacağını elan edir"
Maskın molyardlarla dollar vəsaiti olsa da, ABŞ-da üçüncü bir partiya yaratmaq çoxsaylı çətinliklərlə müşayiət olunur. Bura ştat qanunvericiliyindəki mürəkkəb normalar, seçkilərdə iştirak üçün müraciət qaydaları və digər hüquqi maneələr daxildir. Mask isə hələlik partiyanın gələcək fəaliyyəti barədə konkret bir yol xəritəsi təqdim etməyib.
CNN (Atlanta, ABŞ):
"Mask Trampla mübahisədən sonra yeni siyasi partiya yaratdığını bildirir"
Maskın partiyanın yaradılması üçün Federal Seçki Komissiyasında (FEC) qeydiyyat da daxil olmaqla hansı konkret addımlar atdığı hələlik bəlli deyil. FEC-in son məlumatları partiyanın rəsmi qeydiyyatdan keçmədiyini göstərir. ABŞ-da uzun illərdir mövcud olan ikipartiyalı sistem həm demokrat, həm də respublikaçı seçicilər tərəfindən tənqid olunub. Lakin son yüz ildə yeni partiya yaratmaq cəhdlərinin heç biri uğurla nəticələnməyib.
Aydın
Şərhlər