Xəbər lenti

ABŞ tarixində bir ilk: Trampın bu addımı ölkəni ciddi böhrana aparır (ŞƏRH)
Dünya 18:29 16.04.2025

ABŞ tarixində bir ilk: Trampın bu addımı ölkəni ciddi böhrana aparır (ŞƏRH)

"Trampın Ali Məhkəmənin qərarını saymaması ABŞ-da ciddi konstitusiya böhranına səbəb olacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ Ali Məhkəməsinin prezidentin ölkədə qanuni yaşayan bir şəxsi Salvadora deportasiya etməsi barədə əmrinin qanunsuz olması haqqında qərarına Donald Trampın tabe olmayacağını bəyan etməsi və bu addımın ölkədə hansı mənzərəyə səbəb olacağını şərh edərkən deyib.

Əlimusa İbrahimov bildirib ki, bu vaxta qədər ABŞ tarixində heç kim Ali Məhkəmənin qərarını icra etməkdən imtina etməyə cəsarət etməyib:

"Çünki bu addımın hakimiyyətdə olan prezidentin siyasi karyerası və ABŞ-ın siyasi həyatında hansı nəticələrə səbəb olacağı barədə ciddi təsəvvürləri var idi. Tramp isə bu addımla ABŞ tarixində bir ilkə imza atdı. Bu vaxta qədər isə ABŞ-da Ali Məhkəmə qərarları heç vaxt mübahisəolunmaz, toxunulmaz sayılıb. Trampın bu addımının ABŞ-da vətəndaş müharibəsi dövründən bəri ən ciddi konstitusiya böhranına gətirib çıxaracağı proqnozlaşdırılır".
 


Həmsöhbətimiz bildirir ki, bu, sadəcə fikir ayrılığı deyil, mövcud vəziyyətə nəzarətin və balanslaşdırma siyasətinin dağılmasına səbəb olacaq:

"ABŞ Konstitusiyası hətta siyasi cəhətdən onlara zərər versə belə, bütün qurumların, sistemin qaydalarına tabe olacağı prinsiplərə əsaslanır.
Başqa bir tərəfdən, bu akt siyasi parçalanmaları dərinləşdirə, potensial olaraq küçə etirazlarına, zorakılığa və böyük legitimlik böhranına səbəb ola bilər. Həmçinin, bu gələcək itaətsizlik və oxşar hadisələr üçün presedent olacaq. Belədə isə qanunun aliliyi sarsılacaq".

Politoloq qeyd edir ki, belə vəziyyət ABŞ-ın qlobal nüfuzuna da zərbə vuracaq:

"Dünya ABŞ-a konstitusiya idarəetmə modeli kimi baxır. Bu isə, həmin imici sarsıdacaq”.

Əlimusa İbrahimov düşünür ki, Trampın bu məsələdə geri addım atıb-atmayacağı bir neçə amildən asılıdır: 

"İctimai-siyasi təzyiq, xüsusən də respublikaçılar daxilində güclü təzyiq olarsa, Tramp siyasi karyerasını təhlükə altına atmamaq üçün geri çəkiləcək. Ali Məhkəmənin öz qərarlarını icra etmək üçün birbaşa səlahiyyəti və mexanizmi yoxdur. O bu məsələdə icra hakimiyyətinə - Ədliyyə Departamenti, ordu və digər dövlət orqanlarına arxalanır. Bu qurumlar Trampın mövqeyini rədd edərsə, o, geri çəkilmək məcburiyyətində qala bilər”.

Digər tərəfdən, Əlimusa İbrahimov bu qənaətdədir ki, Trampın hərəkəti impiçment prosedurasına, ittiham irəli sürülməsinə və ya ABŞ Konstitusiyasına 14-cü düzəliş əsasında diskvalifikasiyaya səbəb ola bilər.

Qeyd edək ki, ABŞ tarixində ilk dəfə prezident Ali Məhkəmənin qərarını icra etməkdən imtina edib. Bir neçə gün əvvəl Ali Məhkəmə qərar çıxarıb ki, Trampın ABŞ-da qanuni yaşayan bir şəxsi Salvadora deportasiya etməsi tamamilə qanunsuzdur və həmin şəxsin geri qaytarılması tələb olunur.

Dünən isə Tramp bu qərara tabe olmayacağını açıq şəkildə bəyan edib. Bu, ABŞ tarixində demək olar ki, ilk dəfə baş verir. Çünki Ali Məhkəmə qərarları həmişə mübahisəolunmaz, toxunulmaz sayılıb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->