Şlezviq-Holşteyn (Almaniya) federal torpağının hakimiyyəti, "Saksenvald meşə dairəsi" adlanan ərazinin yaxınlıqdakı bələdiyyələrə birləşdirilməsini planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu formal qərarın arxasında əhəmiyyətli siyasi və maliyyə addımı dayanır: 2026-cı il yanvarın 1-dən etibarən tanınmış Bismarklar ailəsinin istifadə etdiyi "vergi cənnəti"nə son qoyulacaq.
Məsələ ondadır ki, köhnə qanunvericiliyə əsasən, bu ərazi heç bir bələdiyyənin tərkibinə daxil deyil. Bu səbəbdən burada sahibkarlıq fəaliyyəti üçün aşağı vergi dərəcələri tətbiq olunur. Üstəlik, bu ərazidə yerləşən özəl torpaqlardan toplanan bütün vergilər birbaşa sahiblərinə ödənilir. Bu hüquqi boşluqdan Almaniyanın ilk kansleri Otto fon Bismarkın (1815–1898) nəslindən olan ailəsi istifadə edib: onun kötücəsi Gregor fon Bismarkın kiçik meşə daxmasında 20-dən çox şirkət qeydiyyatdan keçib. Bu şirkətlər yalnız poçt qutusu ünvanı kimi fəaliyyət göstərir və real fəaliyyətləri yoxdur.
Bu praktika artıq mümkün olmayacaq. Şlezviq-Holşteyn Daxili İşlər Nazirliyi bununla bağlı belə bir açıqlama yayıb:
"İnzibati islahat çərçivəsində Daxili İşlər Nazirliyi 2026-cı il yanvarın 1-dən etibarən Saksenvaldın məskunlaşmamış ərazisinin bələdiyyə inzibati bölgülərinə daxil edilməsi haqqında qanun layihəsini landtaqa təqdim edib".
Əgər yerli parlament - landtaq bu təşəbbüsü dəstəkləsə, Bismarkların "vergi cənnəti"nə rəsmən son qoyulacaq.
"Kieler Nachrichten" qəzetinin məlumatına görə, 2017-ci ildən bu yana Bismarklar ailəsi qeydiyyatda olan şirkətlərdən toplanan vergilər vasitəsilə təxminən 2,3 milyon avro gəlir əldə edib. Bu şirkətlərdən biri birbaşa ailəyə məxsusdur, buna görə də ödənilən vergilər faktiki olaraq onlarda qalıb.
Şlezviq-Holşteyn landtaqında Azad Demokratlar Partiyasının (SvDP) fraksiya rəhbəri Kristofer Foqt qərarı belə şərh edib:
"Bu qərar çoxdan verilməli idi. Torpaq hökumətinin nəhayət bu absurda son qoyması təqdirəlayiqdir".
O həmçinin vurğulayıb ki, Bismark ailəsinin meşə təsərrüfatı illər boyu orada formal olaraq heç bir yol olmasa da, yol infrastrukturunun saxlanması məqsədilə bələdiyyə maliyyə fondlarından vəsait alıb. Onun fikrincə, bu pullar geri qaytarılmalıdır.
Qeyd edək ki, meşə dairəsinin özü ailənin xüsusi mülkiyyətində qalacaq, lakin bundan sonra vergi dərəcələrinin müəyyən olunması ailənin səlahiyyətində olmayacaq.
Aydın
Şərhlər