2017-ci ildə iş adamı Valeh Nəcəfovu sifarişlə qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən dəstə üzvlərinin cəzası azaldılıb. Onlar adam öldürmə ittihamından bəraət alıblar.
Qaynarinfo Musavat.com-a istinadla xəbər verir ki, hadisə 2017-ci il martın 30-da Xırdalan şəhərində baş verib.
1970-ci il təvəllüdlü Valeh Nəcəfov qətlə yetirilib. 1985-ci il təvəllüdlü Xəyal Paşayev isə yaralanıb.
İstintaqla müəyyən edilib ki, Samir Kazımov 2017-ci ilin mart ayında İran İslam Respublikasının vətəndaşları Bəşir Qəhrəmani, Həsən Rəhbəri Qaradağlı, Azərbaycan Respublikasının vətəndaşları Miskin Qasımov, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar, Məhəmməd Əhmədov və digərləri ilə mütəşəkkil dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirib.
Belə ki, Bəşir Qəhrəmani və Həsən Rəhbəri Qaradağlının 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Valeh Nəcəfovla şərikli kommersiya fəaliyyətindən onlara sonuncunun 30 min dollar borcunun yaranmasını iddia ediblər. Onu oğurlayıb, şəxsiyyəti üzərində zor tətbiq edilməklə, borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişi Rəşad Qurbanova və İlham Həsənova veriblər.
Valeh Nəcəfovu zorla avtomobilə mindirib Bakı şəhərinin Əhmədli qəsəbəsində yerləşən kafeyə gətiriblər. Orada Xəyal Paşayev üzünə yumruqla zərbə vuraraq Bəşir Qəhrəmaniyə verməli olduğu pul vəsaitini Valeh Nəcəfovdan hədə-qorxu ilə tələb edib. Sonuncu pulu olmadığını bildirdikdə Paşayev dəstə üzvləri ilə birlikdə zor tətbiq etməklə onu yenidən maşına mindirib Məhəmməd Əhmədova məxsus, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparıblar. Paltarlarını soyundurub, zərərçəkmişi döyüblər.
Valeh Nəcəfov pul əvəzinə arvadına məxsus qızıl əşyaları verib. Valeh Nəcəfovdan əlavə pul vəsaiti verməsi tələb edilib. Nəcəfov üzərində gəzdirdiyi "Beretta" markalı tapançadan atəş açıb. Xəyal Paşayev onunla əlbəyaxa olarkən Samir Kazımov, Kənan Həsənov və Bilal Bayramovla birlikdə müdaxilə edərək, Valeh Nəcəfovun qollarından tutub, müqavimətini məhdudlaşdırıblar.
Bundan istifadə edən Xəyal Paşayev silahı Valeh Nəcəfovun əlindən alıb, baş nahiyəsinə bir dəfə atəş açıb. Nəticədə Valeh Nəcəfov ölüb.
Qətl hadisəsinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması 2018-ci ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb.
Hökmə əsasən, Xəyal Paşayev 19, Kənan Həsənov və Bilal Bayramov 18, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum olunublar.
Onlar adam oğurluğu, qəsdən adam öldürmə, hədə-qorxu ilə pul tələb etmə, xuliqanlıq kimi maddələrlə təqsirli biliniblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin cəzası Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilib.
Onlara mütəşəkkil dəstə şəklində qəsdən adam öldürmə maddəsi ilə verilən cəzaya görə bəraət hökmü çıxarılıb. Təqsirləndirilən şəxslər mütəşəkkil dəstə şəklində adam oğurluğu, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə təqsirli bilinərək hər biri maksimum həddə - 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xəyal Paşayev deyib ki, heç kimlə pula görə mübahisə etməyib və bu söhbətlərdə iştirak etməyib.
Dediyinə görə, hadisələrin təsadüfi axarı onu bura gətirib çıxarıb:
"Bizə ittiham verilib ki, guya pula görə adam öldürmüşük. Söhbət hansı puldan, hansı məbləğdən gedir? Mərhum Valehin Bəşirə 15 min dollar borcu olub. Xahişlə pulu 10 min manata saldılar. Hətta Valehdən xahiş etdim ki, pulu aylıq hissə-hissə versin. Amma ona da razılaşmadı. Bu işdə gülməli olan bir məsələ var. Valeh 10 min manat pul verməli idi. Həmin pulun heç olmasa 5 min manatı pulun sahibinə verilməli idi. Yerdə də qalırdı 5 min manat. Bu işə görə 10 nəfər tutulub. Adama 500 manat pul çatır. Kim bu pula görə adam öldürərdi?
Mənə 500 manat lazım olsaydı, gedib mağazalardan birindən bahalı viski oğurlayıb 500 manata satardım. Özüm idmançıyam, respublika çempionu olmuşam, Xırdalanda süd satan maşınlar mənimdir, ağartı məhsullarının satışı ilə məşğul idim. Mənim 500 manata ehtiyacım yox idi axı. Elə gün olurdu ki, dostlarla Nabrana gedib bir günə min manat pul xərcləyirdim".
Suallara cavab verən Xəyal Paşayev bu söhbətlərə necə qarışmasını, necə iştirakçı olmasını da izah edib:
"Sadəcə çayxanaya gedəndə borc söhbəti olduğunu bildim. Samir mənim dostumdur. O da idmançıdır. Məni çaya dəvət edəndə getdik. Oradan da birlikdə Xırdalana gedəcəkdik. Samir dedi ki, yolüstü bir nəfərlə görüşəcəyik. Çayxanada Samirlə Valeh arasında söhbət oldu. Mən də içkili olub, səhv edib burnumu soxmuşam. Samir həm də mənim sinif yoldaşımdır. Onun zərbəsinin çəkisi 300 kiloqramdır. Vurduğu adam durmur. Oraya məni qüvvə kimi aparmamışdı axı. Danışanda, Samirlə mübahisə edəndə, mən də müdaxilə etdim".
Xəyal Paşayev ifadəsinin davamında mərhum Valehin öldüyü gün baş verənlərdən danışıb:
"Valeh özü mənə arxadan üç güllə vurub. Kamera görüntüsü də var. Amma görüntülərin bir hissəsi yoxdur. Kamera görüntüsündə var ki, mən blokun qabağından qaçıram. Orada bir nəfər də dayanıb siqaret çəkir. Saat 9-da vurulub bloka girirəm. Amma kamera sonradan 9:25-i göstərir. Bu 25 dəqiqə hara getdi? Mən dedim ki, 23 dəqiqəsini halal edirəm, cəmi 2 dəqiqəsini göstərin. Həmin görüntüdə var ki, Valeh arxamca gələrək məni güllələyib.
Mənə arxadan 3 güllə dəyib. Kişiyik, aramızda söz-söhbət olub. Kişi kişi ilə dava edər, deputatlar da dalaşır, dövlət dövlətlə dalaşır. Burada nə var ki? Bu hadisədən bir gün əvvəl aramızda söhbət oldu, mübahisə etdik. Səhər də zəng edib çağırdı, dedi ki, sən məni vurdun. Sonra da bizi güllələdi. Mən ona bir şillə vurmuşdum. O da mənim şilləmi qaytarmışdı. Səhər də gəlib dedi ki, dünən sən idin məni vuran? O da mənə güllə atdı".
Xəyal Paşayevin dediyinə görə, mərhum Valeh özü-özünü vurub:
"Mənə 3 güllə vurdu. Dedi, bəlkə ölmüşəm. Ona görə də özünü vurub öldürüb".
Qeyd edək ki, bu iş üzrə barələrində axtarış elan olunan Bəşir Qəhrəmani, İlham Həsənov, Miskin Qasımov və Rəşid Qurbanov 2019-cu ildə tutulublar. Onlar barəsində də ayrıca cinayət işi açılıb. Onlara da 18 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.
Sonuncu olaraq Samir Kazımov tutulub. 2022-ci ildə saxlanılan S.Kazımov məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər