Xəbər lenti

Şımkənddən neft və milyonlar şəhərinə
Amal Abuşov
İdman 10:59 03.09.2024

Şımkənddən neft və milyonlar şəhərinə

- Bax, səndən soruşuram. Niyə gəlmisən, niyə? Bəlkə ət iyinə gəlmisən?
- Kal iyinə gəlib... ("Uşaqlığın son gecəsi" filmindən)

Kimdən soruşsan, deyəcək ki, "Qarabağ”ın "milliləşdirilmiş” braziliyalısı Riçard Almeyda yaşlanıb. Onu heyətdə saxladığı, meydana buraxdığı üçün Qurban Qurbanovu qınayanlar da var. Amma bizim çempionatı yaxından izləyənlər bilir ki, Almeyda Azərbaycan Premyer Liqası üçün heç də pis futbolçu deyil. "Sambaçı” bizim pasportu da tam qanuni şəkildə alıb, milli komandada oynayıb. Onu digərləri kimi saxta yollarla "azərbaycanlı” etməyiblər, 2012-ci ildən Azərbaycandadır. FİFA-nın tələb etdiyi kimi, beş il Azərbaycanda oynadıqdan sonra ona vətəndaşlıq verilib.

Sözümün canı Almeydanın "milliləşdirilməsi” prosesi deyil. Diqqətinizi başqa məqama çəkmək istəyirəm. Almeyda beş turu geridə qalan yeni mövsümdə iki qol vurmağı bacarıb. Özü də bu beş turun birində "Qarabağ” meydana çıxmayıb, avrokuboklar səbəbindən onun iştirakıyla keçirilməli olan qarşılaşma təxirə salınıb. Beş tura iki qol sizə az görünürsə, bir məqamı xatırlayaq. Özünüz də görəcəksiz ki, Almeyda heç də kiçik iş bacarmayıb. Məsələ ondadır ki, ölkənin ən qocaman klubu "Neftçi”nin də bu mövsüm keçirdiyi beş oyunda vurduğu qol sayı elə ikiyə bərabərdir. Yəni ki, Almeyda təkbaşına "Neftçi”nin komanda şəklində fərqləndiyi qədər fərqlənməyi bacarıb.

"Neftçi”nin vurduğu iki qoldan birini müdafiəçi Yuri Matias başla "Səbail”in qapısından keçirib. Həmin qolun da ötürməsi cərimə zərbəsini yerinə yetirən Emin Mahmudovdan gəlib. Digər qolu isə Ramil Şeydayev "Araz Naxçıvan”ın qapısına vurub. O qolun da hansı vəziyyətdə vurulduğunu hamımız bilirik. Naxçıvanlıların moldovalı qapıçısı Kristian Avram hiyləgərlik edib, "feyr-pley” adıyla topu meydandan kənara çıxardı. Düşünürdü ki, nominal qonaqlar topu onlara qaytaracaq, bununla da hesabda öndə olan komandası vaxt udacaq. Amma "Neftçi” belə etmədi, hücuma keçib müqaviməti dayandıran "Araz Naxçıvan”ın qapı torunu silkələdi və son saniyələrdə məğlubiyyətdən xilas oldu. Qolun müəllifi isə az öncə qeyd etdiyim kimi, Şeydayev idi.

Vəssalam, "Neftçi”nin beş oyuna vura bildiyi iki qolun tarixçəsi belədir. Milli komandamızın hücumçusu Ramil Şeydayevi, onunla yanaşı "Çernomorets”dən Andrey Ştoqrini təzminat qarşılığında heyətinə qatan "Neftçi”nin qol vura bilməməsi hər kəsə aydın həqiqətdir. Bu iki hücumçudan başqa daha iki legioner futbolçu "Neftçi”də qol ümidi kimi gününü keçirir. Biri Sierra Leonedəndir, digəri Belarusdan. "Neftçi” azarkeşlərinin böyük ümidlə baxdığı, Azərbaycan futbolunun gələcəyi hesab olunanlardan Ağabala Salyanski bu legioner bolluğunun içində itib-batıb. Belə yerdə sual yaranır. Onsuz da legioner hücumçular qol vura bilmirsə, yerli gəncə şans vermək daha yaxşı olmazdımı?

Dərd təkcə bu deyil. "Neftçi” məşhur fil lətifəsində olduğu kimi, daha bir hücumçuni Bakıya gətirib. Şımkənd "Ordabası”sında özünü heç cür göstərə bilməyən qambiyalı Darbo Dembo artıq "Neftçi”nin hücumçusudur. Onun Qazaxıstandakı statistikası heç də ürəkaçan deyil. Dembo "Astana”da 21 oyuna beş qol vurubsa, "Ordabası”da cəmi 7 oyunda meydana çıxıb, üç dəfə fərqlənməyi bacarıb. "Ayağı bağlanan” hücumçu "Neftçi”də qolçuluq məharətini göstərə biləcəkmi? Bu suala indidən cavab vermək çox çətindir. Deyilənə görə, "Neftçi” bu günlərdə daha bir əcnəbi hücumçunu sıralarına qatacaq. Görünən odur ki, komandanın adındakı neft sözü əcnəbilər üçün çox cəlbedicidir, hamı onun qoxusuna gəlir...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->