"Ludoqorets”in baş məşqçisi Georgi Dermenciyev "Qarabağ”la oyundan sonrakı mətbuat konfransına günahkar bəndə kimi gəlmişdi. Hiss etmək çətin deyildi ki, 69 yaşlı mütəxəssis komandasının sərgilədiyi kobud və təhlükəli oyuna görə onu hansı sualların gözlədiyini bilir. Elə bu səbəbdən də onunla yanaşı əyləşən klubun mətbuat xidmətinin rəhbəri ara-sıra öz dillərində məşqçiyə nəsə deyir, Dermenciyevin ağzından artıq-əskik söz buraxmaması üçün nəzarət etməyə çalışırdı.
Bolqarlar hər nə qədər cəhd etsə də, cidanı çuvalda gizlətmək mümkün deyildi. "Ludoqorets”in futbolçuları isveçrəli hakim Urs Şniderin loyallığından, aşkar kobudluqlara göz yummasından yaxşıca yararlandılar. Elə bunun da nəticəsində "Qarabağ”ın oyun sistemini pozmaq, "köhlən atlar”ın futbolçularının gözünü qorxutmaq mümkün oldu. "Gözünü qorxutmaq” ifadəsi sizə bir qədər qəribə görünə bilər. Düşünərsiz ki, peşəkar futbolçu nədir, qorxmaq nədir. Amma unutmaq lazım deyil ki, peşəkar futbolçu da robot deyil, onun da ayağı ətdən və sümükdən ibarətdir. Bəzən özünüqoruma instikti peşəkarlığa da, hədəfə çatmaq arzuna da güc gəlir, futbolçular sərt mübarizələrdən çəkinirlər. Buna görə onları qınamağa da dəyməz.
Elə bu səbəbdən "Qarabağ”ın adət etdiyimiz oyununu "Ludoqorets”ə qarşı görə bilmədik. "Qarabağ”ın dünən axşamkı məğlubiyyətini şərtləndirən amillərdən biri də bu oldu. Xüsusən də cinahlardan sürətli keçidlərin, qapıya doğru həmlələrin şahidi ola bilmədik. Sanki sürət yığmağa çalışanlar bolqarların sərtliyi aşan kobudluğundan, arxadan ona yetişməyə çalışan rəqibin onu itələməsindən, yaxud da ayağına vurmasından çəkinirdi. "Ludoqorets”in qələbə qolunun müəllifi Vidal kobudluğunun "mükafatını” zamanında alsaydı, meydandan daha tez qovulmalıydı. Rəqib sərtliklə kobudluğun sərhədlərini elə qarışdırmışdı ki, Bernard Tekpetey qayda pozuntusunun olmadığı epizodda ayağını sındırdı. Dermenciyev kimi biz də onun zədə almasından məyusuq. Amma bir şey var ki, Demenciyevin futbolçuları özləri kobud oyuna meyl edir, qarşılaşmanın axarını ora doğru çəkirdi. Belədə kiminsə ağır xəsarət alması da qaçılmaz olur.
Mən məğlubiyyətin səbəbini bütünlüklə "Ludoqorets”in sərt oyunu ilə əlaqələndirmək istəmirəm. Bütün sərtliyə rəğmən "Qarabağ” Hendrik Bonmannın qoruduğu qapının qarşısına yetərincə qol vəziyyəti yarada bildi. Xüsusən də "Qarabağ”ın 13 dəfə künc zərbəsi vurmaq hüquq qazanmasına diqqət yetirmək lazımdır. Hələ ötən mövsüm bu məqam mənim diqqətimi cəlb etmişdi, bununla bağlı Qurban Qurbanova sual da ünvanlamışdım. Künc zərbəsinin qola çevrilməsi üçün "ev taprşırığı” hazırlansa və bunu səhvsiz yerinə yetirə bilsək, komandamızın da xeyrinə olar. Müdafiənin cinahları da "Ludoqorets”in vurduğu qollarda böyük "pay” sahibidi. Heç də təsadüfi deyil ki, rəqibin vurduğu qolların ikisi də bir-birinin təkrarı oldu. Deməli, bizim zəif nöqtəmizi tapıb, ordan vurmağı bacardılar.
"Qarabağ” Respublika stadionunda büdrədi, amma yıxılmadı. Rəqibin zəif yerlərini tapmaq və onlardan yararlanmaq sırası indi bizimdir. UEFA-nın "səfər qolu” qaydasını ləğv etməsi də belə məqamlarda işə yarırı. Səfərdəki oyunun ilk yarısında rəqibin qapı torunu bircə dəfə silkələmək kifayətdir ki, şanlar bərabərləşsin, həyacanlanan tərəf "Ludoqorets” olsun. "Qarabağ” bacaracaq, buna inanırıq!
Amal Abuşov
Şərhlər