Xəbər lenti

Əziz Nesin
Amal Abuşov
İdman 14:32 21.08.2024

Əziz Nesin "Neftçi"dən yazsaydı...

Türkiyədə iqtisadi vəziyyət gərgingləşəndə, türk lirəsi ölməyə başlayanda yerli hökümət dərhal xalqı müjdələyir, sadə insanları yeni yuxuya vermək üçün laylay çalır. Deyirlər ki, həmd olsun, yeni neft və qaz yataqları tapmışıq, tezlikə o yataqlardan neft çıxarmağa başlayacağıq. 

Bununla da müzakirələrin yönü dəyişir. Hakimiyyətə yaxın media orqanlarında, televiziya kanallarında ütülü kostyumlu, bəzəkli qalstuklu ekspertlər peyda olmağa başlayırlar. Onlar üzlərinə ciddi görkəm verir, qaşlarını düyünlər və ağızlarını açıb, gözlərini yumurlar. Gələcəkdə çıxarılacaq qazın və neftin ölkə iqtisadiyyatına verəcəyi xeyir hesablanır, pulu bölüşdürüb, hansı sahələrə əlavə yatırımlar yatırılacağını müzakirə edirlər. Beləcə qiymətdən düşən türk lirəsi də yaddan çıxır, artan kommunal xərclər və ərzaq "fiyatları” da. Sonra da yavaş-yavaş elə həmin o neft və qaz yataqları unudulur. İndiyə qədər həmin o yataqlardan bir barrel neftin, yaxud da iki kub metr qazın çıxarıldığını görən olmayıb.

İndi "Neftçi"nin başbilənləri də qardaş ölkənin hakimiyyətinin ideoloqlarını yolu ilə gedirlər. Bu yerdə adamın yadına yayda "Neftçi”də baş icraçı direktor vəzifəsinə gətirilən Cenk Sümer düşür. Görünən odur ki, Cenk bəy yazının əvvəlində bəhs etdiyim adamların həyat və yaradıcılığını yaxşı öyrənib. İndi də bu təcrübəni Azərbaycandan tətbiq etmək əzmindədir. Ölkənin ən qocaman klubu arenasının ot örtüyünü yayın istisindən qoruya bilməyib. İş o yerə gəldi çatdı ki, 3-cü turda keçirilən "Sabah”la oyunun yeri qısa müddətdə iki dəfə dəyişdirildi. "Zirə” avrokuboklarda Azərbaycanı uğurla təmsil etdiyi üçün "Neftçi”nin Mərdəkandakı stadionda ev sahibliyi etməyə qoymadılar. Dedilər ki, siz ən yaxşısı Zirəyə gedin. Dərd təkcə stadionla bağlı deyil. Ölkənin ən qocaman klubu yeni mövsümdə Roman Qriqorçukun rəhbərliyi altında keçirdiyi üç oyunda qələbəyə həsrət qalıb, cəmi bir qol vurub ki, onu da müdafiəçi Yuri Matias standart vəziyyətdən sonra "Səbail”in qapısından keçirib. 

Nəticələr bir yana, komandanın hansı oyun üslubuna üstünlük verdiyi, meydanda nə etmək istədiyi bilinmir. Bu gedişlə vəziyyətin nə zaman düzələcəyi, nəticələrin hansı turdan sonra yaxşılaşacağı, rəqiblərin "Neftçi” ilə görüşə nə vaxt ayaqları əsə-əsə çıxacağı da qeyri-müəyyəndir. Bütün bunların səbəbləri araşdırılmır, günahkarlar "Neftçi”nin tarixindən və azarkeşlərindən üzr istəyib, işlərini bacarmadıqlarını etiraf etmirlər. Əvəzində bu gün mətbuatla görüş keçirib və müjdə veriblər ki, yeni sol cinah müdafiəçisi ilə anlaşıblar, yaxın günlərdə də bir, lap elə iki hücumçunun heyətə qatılması gözlənilir.

Bərəkallah sizə. "Neftçi”nin dibə vurmasına az qalıb, yayda Türkiyədə keçirilən təlim-məşq toplanışı boşa gedib. Əvvəlki mövsümlərdə heyətə doldurulanlar, yayda edilən bahalı transferlər işə yaramır. Əvəzində avqustun sonu, sentyabrın əvvəlində də futbolçu axtarırlar, azarkeşlərin başını qatmaq üçün transfer müjdələri verirlər. Komandayla birlikdə təlim-məşq toplanışı keçməyən, hazırlıqlara qatılmayan futbolçu nə vaxt uyğunlaşacaq, yoldaşlarıyla necə anlaşacaq? Belə çıxır ki, bu transferlər də yeni bəhanələr zəmin hazırlamaq üçündür. Misal üçün belə: "Yeni transferlər komandaya gec qoşuldu, ona görə istədiyimiz oyunu göstərə bilmədik”.

Deyirəm, təəssüf ki, Əziz Nesin dünyasını dəyişib. "Neftçi”nin düşdüyü vəziyyət böyük yazıçı üçün hekayə mövzusu olacaqdı...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->