Xəbər lenti

Havada fırlanan yumruq...
Amal Abuşov
İdman 12:10 13.07.2024

Havada fırlanan yumruq...

Azərbaycanda qadın futbolundan söz düşəndə bir fikir aktual olur: "Kişilərimiz normal futbol oynadı, başa çıxdı, qaldı qadınlarımız”. Dünən axşam qadınlardan ibarət Azərbaycan millisi evimizin içində macarlara 0:5 hesabıyla məğlub oldu. Onda başa düşdük ki, qadınlarımız da elə kişilərimizin günündədir. Bu ölkədə nə kişilər futbol oynaya bilir, nə də qadınlar. Yenə də nəzərlər AFFA-ya, daha doğrusu, uzun illərdir futbola ayrılan maliyyəni sağa-sola xərcləyib, futbolumuzu böhrandan xilas edə bilməyənlərə yönəlir.

Qadın futboluna Azərbaycanda heç də az pul xərclənmir. Ta uzaq 2012-ci ildən AFFA bu istiqamətdə xeyli layihələr icra edib, fərqli ölkələrdən əcnəbi mütəxəssislər, "milliləşdirilmiş” futbolçular ölkəmizə dəvət olunub. Bütün bunlar üçün ətək-ətək pullar xərclənib. Dünən axşam bir daha başa düşdük ki, həmin o pullar da havaya sovrulub. Eyni ilə kişilərin futbolunda olduğu kimi. Çünki işin başında dayanan adamlar eynidir. Elə kişili-qadınlı bizim futbolumuzun da problemi budur. Pullar xərclənib, nəticə əldə olunmayıb. Amma "hardasa səhv edirikmi” sualı ətrafında heç kim baş sındırmağı, özünə əziyyət verməyi lazım bilməyib. Ona görə də dəyişən heç nə yoxdur.

Sözün düzü, qadınlarda vəziyyət kişilərdən nisbətən fərqli görünürdü. Xüsusən də son dövrlər milli komandanın üzvü sayılan qızların xaricdə legioner həyatı yaşamasından sonra nəticələr bir qədər dəyişib. Millətlər Liqasında Azərbaycan millisi uğurlu çıxış etdi, Avropa çempionatının seçmə mərhələsinə də Budapeştdə qeydə alınan 1:1 hesablı heç-heçə ilə başladıq. Bizimkilər evdə İsveçrəyə məğlub olandan sonra Türkiyəylə ardıcıl iki oyun keçirdilər. Səfərdə minimal hesablı uduzduq, evdə isə  Nigar Mirzəliyevanın künc zərbəsindən sonra havalanan topu başla tora qovuşdurmasından sonra 1:0 hesablı qələbəyə sevindik. Elə nə baş verdisə, bundan sonra baş verdi. Mətbuata milli komandanın üzvləri ilə AFFA arasında mükafat böhranının yaşandığı barədə məlumatlar sızmağa başladı. Eşidirdik ki, qızlar AFFA-nın kişilərə fantastik mükafatlar verməsindən, xanımlara qarşı xəsislik etməsindən narazıdır. Gələn xəbərlər arasında o da var idi ki, AFFA Millətlər Liqasındakı uğurlu çıxışa və Avropa çempionatının seçmə mərhələsində toplanan 4 xala görə qızlara vəd olunan mükafatı gecikdirir.

Vəziyyət o həddə gəldi çatdı ki, xanımlar Macarıstanla oyundan öncə millinin düşərgəsinə gəlmək istəmirdilər. Elə bu səbəbdən də bu vacib qarşılaşma ərəfəsində komandanın heyəti və toplanış proqramı xeyli gec açıqlandı. İmanımı yandırmaq istəmirəm, amma millinin dünənki ağır yenilgisinin əsas səbəblərindən birinin məhz mükafatla bağlı yaranan problem olduğunu düşünmək mümkündür. İddia etmirəm ki, xanımlar bilərəkdən uduzmaqla AFFA-nı şantaj etdilər, bir növ qadın qisası oldu. Hər halda səfərdə 1:1 oynadığın rəqibə evinin içində 0:5 hesabıyla uduzursansa, şübhələr üçün müəyyən əsaslar meydana çıxır. Xüsusiylə də Türkiyəyə qarşı keçirilən oyunlarda gördüyümüz əzmkarlığı Macarıstana qarşı oyunda görə bilmədik. "Niyə”sini AFFA və milli üzvləri daha yaxşı bilər.

Millimizin kapitanı çox hörmətli Sevinc Cəfərzadə Türkiyə ilə oyundan sonra mikrofonlar önünə keçib barmağını silkələyir, sinəsinə yumruqla vururdu. Sözün düzü, hələ o vaxt bu cür davranışların səbəbini, aqressiyanın kimə yönəldiyini başa düşməmişdim. Sonradan mükafatla bağlı söz-söhbət də ortaya çıxdı. Amma macarlarla oyun göstərdi ki, bizim qadın futbolu (elə kişilər də) bir-iki oyunda qazanılan nəticədən sonra havada barmaq silkələyib, sinəyə yumruq vuracaq səviyyəyə gəlməyib. Bir az daha səbrli davranıb, futbolun inkişafı üçün çalışmaq lazımdır ki, evimizdə 0:5 hesabıyla məğlub olmayaq. 

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->