Saturna aid video görüntülərdə kadrın sol tərəfində zəif işıqlanma müşahidə olunur, bu isə toqquşmanı xatırladır.
Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, aparılan araşdırmalara əsasən, ölçüsü bir kilometrdən böyük olan obyektlər orta hesabla 3125 ildən bir Saturna çırpılır. Hər il planetə 7-8 kiçik kosmik daşın düşdüyü bildirilsə də, indiyədək bu cür hadisələrin heç biri təsdiqlənməyib.
Qaya tərkibli planetlərdə kosmik toqquşmalar kraterlər buraxsa da, qaz nəhəngləri - Yupiter və Saturnda belə izlər olmur. Lakin NASA əməkdaşı və astronom Mario Rana tərəfindən çəkilən yeni görüntüdə ilk dəfə olaraq Saturna çırpılan bir obyektin izi görünür.
"Qaz nəhənglərinin xarici qatları hidrogen və heliumdan ibarət olduğuna görə, asteroid və ya kometaların təsirləri tez bir zamanda itə bilər", deyə araşdırmada qeyd edilib.
Keçən şənbə günü astronom tərəfindən qeydə alınan Saturn görüntülərində kadrın sol hissəsində zəif işıqlanma müşahidə olunur, bu da toqquşma ehtimalını gücləndirir.
"Mark Delkrua Saturnda potensial toqquşma barədə məlumat verib. Bu hadisə Mario Rananın əldə etdiyi bir neçə videokadrda qeydə alınıb. Toqquşma çox zəif olub və hələ təsdiqlənməyib. Toqquşmanın qısa işıq saçması 2025-ci il 5 iyul tarixində, universal vaxtla 09:00-dan 09:15-ə qədər olan müddətdə baş verib. Həmin zaman kəsiyində əldə olunmuş digər Saturn videoları çox önəmlidir", deyə Planetar Virtual Observatoriya və Laboratoriyasının (PVOL) açıqlamasında bildirilir.
Aydın
Şərhlər