Elə yorulmuşam, inanın, məni də güllələyən tapılsaydı, bəlkə nifrət də etməzdim, lap böyük Tolstoyun Platon Karatayevi onu güllələyən əsgərə baxan kimi baxardım ona, nifrətsiz-filansız...
Amma əvvəlcə onu deyim ki, L.Tolstoyun möhtəşəm "Hərb və sülh”nü də məktəb vaxtlarında oxumuşam.
O vaxtdan 40-45 il vaxt keçib, ona görə adam yazmağa da ehtiyat edir, düşünürsən, əcaba, görəsən, nəyisə qarışdırmıram ki?
Yeri gəlmişkən, deyim ki, axır vaxtlar yazılarımda belə qeydləri çox edirəm və qorxuram oxucu qayıda ki: deyəsən, bu hərif nə oxuyubsa, elə məktəb vaxtı oxuyub.
Qərəz, yaddaşım aldatmırsa, Karatayev Tolstoyun ölməz romanında epizodik, ədəbiyyatşünaslar demişkən, "ikinci plan obrazı” idi. Amma böyük sənətkar onun boynuna daha böyük missiya qoymuşdu.
Biz də həyat deyilən bu ilahi əsərdə nəinki ikinci, hətta dördüncü-beşinci plan qəhrəmanlarıyıq, amma bizim də çiyinlərimizə yerimizə-statusumuza heç də adekvat olamyan yük qoyuldu və on illərdir bu yükün altında çabalayır, nəsə etmək istəyirik, amma alınmır ki, alınmır...
Karatayevə gəldikdə isə, bu, rus romanında, səhv etmirəmsə, Yer üzündə, adamlar arasında İsa peyğəmbərin kiçicik bənzərini yaratmaq cəhdi idi.
Bəli, o, İsa peyğəmbərin ki, özündən əvvəlki Musa peyğəmbərdən (Firon ailəsində böyüyən və əsl aristokrat olan) fərqli olaraq yəhudilərə "Gözə görə göz!”, "Dişə görə diş!” yox, çox qəribə, hətta indinin özü üçün çox irreal səslənən şeylər deyirdi: "Düşmənlərinizi sevin!”. Bunun da guya yozumu bu idi ki, axı sizi sevənləri sevmək nə böyük fədakarlıqdır? Bacarırsınızsa, sizi sevməyənləri, sizə nifrət edənləri və hətta sizə düşmənçilik edənləri sevin!
İsa Məsihin bu çağırışını hətta bu gün üçün də ona görə irreal adlandırdım ki, əsl xristianlardan beş-üç adam bunu qəbul edə, ya etməyə! Niyə xristian Tramp bütün bəşəriyyəti amerikalıları sevdiyi kimi sevmir? Sevsin də! Yoxsa, məsələn, Çini bütpərəst ölkəsi olduğuna görə sevmir? Yoxsa Qrenlandiyanı eskimosları sevdiyinə görə Danimarkadan qoparmaq istəyir? Ya da bəlkə Kanada əhlini sevdiyinə görə bu boyda ölkəni ABŞ-ın bir ştatına çevirmək istəyir? Axı ABŞ mühafizəkarları xristian dəyərlərinə çox önəm verirlər...
Nəyə görə bütün dini mərasimlər zamanı hamıdan əvvəl kilsəyə gələn, şəxsən özü şam yandırıb dua edən "dindar prezident” Vladimir Putin bu yazıq Ukrayna xalqını sevmir? Sevmir, qoy, sevməsin! Heç olmasa, rəhmi gəlsin! Məgər yazıq deyilmi bu Ukrayna xalqı!..
Odur, bir daha deyirəm ki, İsa peyğəmbərin çağırışı ən azı böyük əksəriyyət üçün irrealdır, əlçatmazdır, insanların çoxunun ən azı Jan Valjan (mən hələ yepiskop Mirieli demirəm!) kimi dinə-imana, haqqa gəlməsi üçün on min, bəlkə də yüz min illər vaxt lazımdır: o vaxta qədər isə ya Günəş sönər, ya da hansısa başqa qlobal fəlakət baş verər...
Amma yenə də bütün bunlara rəğmən, vaxtilə klassik rus romanında bunun kiçik bənzərini, tipini yaratmağa çox cəhdlər edildi, xüsusən də iki böyük ədəbi nəhəng – Tolstoy və Dostoyevski buna çox çalışdılar.
Dostoyevskinin də məşhur knyaz Mışkini (gözəl insan obrazı!) belə cəhdlərdəndir və dünya ədəbiyyatşünaslarının – tənqidçilərinin fikrincə, heç də uğursuz cəhd deyil.
Eyni sözləri Lev Tolstoyun qəhrəmanı haqqında da deyirlər – əlbəttə, bir surət ki, böyük Qrafın qələmindən çıxa, uğursuz olarmı?
Hərçənd, Tolstoyla razılaşmayan, "Rusiya Karatayevlərdən ibarət deyil!” və hətta "Bizə belələri lazım deyil!” deyən ruslar da çox idi.
Min illər bundan əvvəl elə yəhudilərin də din xadimləri məhz bu mülahizələrə görə Roma prokuratorundan, İudeyanın prefektindən bir qulduru bağışlamağı, İsa peyğəmbəri isə edam etməyi xahiş etmişdilər, çünki onların fikrincə, İsa peyğəmbərdən fərqli olaraq, adicə bir quldur belə onlara romalılara qarşı üsyanlarında daha çox yardımçı ola bilərdi – bilmirəm, hər halda, tarix və illahiyyat adamları belə yazır, belə deyir...
Yeri gəlmişkən, İsa peyğəmbərin rus ədəbiyyatında daha bir obrazını sonralar Mixail Bulqakov "Usta və Marqarita” əsərində yaratmağa cəhd etdi: Romalı prokurator Ponti Pilatın İsa Peyğəmbəri necə mühakimə etməsi yadınızdadırmı?!.
Çox maraqlıdır, eyni bir mövzunu ötən əsrin sonlarında böyük türk-qırğız yazıçısı Çingiz Aytmatov da özünün "Cəllad kötüyü” əsərində qabartmağa çalışmışdı.
O vaxt biz Moskvada tələbə idik və bu əsər böyük müzakirələrə səbəb olmuşdu. Bizim üçün bu xüsusda rus tələbələrin fikri maraqlı idi. Amma onlar ironiyayla deyirdi: "Müsəlman xristianlıq haqqında yazır! Burada maraqlı nə ola bilər ki?”
O vaxt bir nəfər dedi ki: "Elə məsələnin ən maraqlı tərəfi də məhz bu deyilmi? Xristianlar xristianlıq haqda çox yazıb, qoy, indi də bu haqda müsəlmanlar yazsınlar, görək, onlar bunu necə təsəvvür edirlər?” Daha maraqlısısa bilirsinizmi, nədir? İllər keçəndən sonra oxudum ki, rusların ən xristian yazıçısı F.M.Dostoyevskinin əcdadları türkmüş! Özü də bunu hansısa qeyri-ciddi nəşrlərdən yox, çox ciddi mənbələrdən oxumuşdum və onu deyim ki, Dostoyevski heç də yeganə türk mənşəli Rusiya dahisi deyil, belələri, o cümlədən ədəbiyyat adamları arasında çox olub.
Qayıdaq "missiya məsələsi”nə. Əvvəldə dedik ki, L.N.Tolstoy Karatayevin boynuna, səhv etmirəmsə, Pyer Bezuxovun belə çiyinlərinə qoyulmuş ədəbi-tarixi missiyadan da böyük missiya qoymuşdu.
Burada ağlıma başqa şey gəlir. Biz də, bəli, səksən-doxsanıncı illərin siyasi nəsli də öz missiyamızın heç üçdən birini həyata keçirə bilmədik və nail olduqlarımız son nəticə etibarilə hətta Mərkəzi Asiya ölkələrinin də nail olduqlarından elə də çox olmadı: onlar indi bizdən az müstəqildirmi və yaxud ölkəmiz onlardan daha demokratikdirmi?..
Yox, tələsik hökm verməyin və görünür, bir daha razılaşmaq lazım gələcək ki, bəs demokratiya həqiqətən də uzun bir yoldur, xüsusən də dünya siyasətində son illərdə baş verən ziqzaqları, geri dönmələri nəzərə alanda.
Əlbəttə, çox insanlar bu yolda çox böyük fədakarlıqlar göstərdilər, amma real nəticəsi demək olar ki, olmadı. Ən çox da adamı düşündürən heç bilirsinizmi nədir? Mənim yazılarımı oxuyanlar bilirlər ki, kinonu çox sevirəm, hətta bizim bəzi sovet filmlərini.
Bu sətirləri yazanda da nədənsə yadıma bir başqa, bir az fərqli, qaçaq Nəbiyə həsr olunmuş məşhur filmimizdən (Onu gah "Qanlı zəmi”, gah da "Atları yəhərləyin” kimi təqdim edirlər!) çox maraqlı bir detal düşür.
Filmin əsas personajlarından biri – səhv etmirəmsə, Səlim bəy Qaçaq Nəbinin qoluna qandal vurmaq istəyən kiçik və xain bir kəndxudaya (halbuki bu adamı elə Nəbi özü kəndxuda etmişdi!) necə ikrahla baxdığını görüb deyir: "Haqlısan, Nəbi, mərdin qoluna qandalı da mərd vurmalıdır!”. Sonra da qandalı alıb özü Nəbinin qoluna vurur – bəli, səhv etmirəmsə, filmdə belə idi.
Bu kiçicik detalı niyə xatırladım burada? Məgər on illərlə davam edən siyasi–ictimai çabalarımızda azmı gördük bu cür kiçik "kəndxuda”ları? Yox, bəlkə də onlarla olmuşdu belələri! O cümlədən də bizim öz keçmiş müxalifət düşərgəmizdə də - bəli, nə qədər qəribə olsa da...
Amma ən azı öz millətimizdən olduqlarına görə onları da qətiyyən qınamırıq. Ən azı özümüzünkü olduqlarından onlara da kin bəsləmirik: nə etmək olar, həyat belədir, aktyorlardan və rollardan ibarətdir. Tanrı sanki bu həyatda hərəyə bir rol verir...
Hüseynbala Səlimov
Şərhlər