Xəbər lenti

Yaponiyada hələ də 100 minə yaxın atom bombası qurbanı yaşayır
Dünya 13:34 02.07.2025

Yaponiyada hələ də 100 minə yaxın atom bombası qurbanı yaşayır

Yaponiyada "hibakuşa" kimi tanınan atom bombası qurbanlarının sayı 100 minin altına düşüb. 

Qaynarinfo xəbər verir ki, atom bombası qurbanlarının ən çox yaşadığı prefekturalar Xirosima (48 min 310), Naqasaki (23 min 543) və Fukuoka (3 min 957) olaraq qeyd alınıb.

Yaponiyanın səhiyyə, əmək və rifah naziri tərəfindən ilk dəfə 1957-ci ildə tətbiq edilən rəsmi "hibakuşa sağlamlıq vəsiqəsi" sistemi üzrə məlumatlar yenilənib.

Rəqəmlərə əsasən, bu il 31 martda başa çatan 2024-cü maliyyə ili ərzində "hibakuşa" qurbanı sayı əvvəlki illə müqayisədə 7 min 695 nəfər azalaraq 99 min 130 nəfərə enib. Eyni dövrdə "hibakuşalar"ın yaş ortalaması 0,55 artaraq 86,1-ə yüksəlib. 

Yaponiyada atom bombası qurbanlarının sayı 1999-cu ildə 300 minin, 2013-cü ildə isə 200 minin altına düşmüşdü.

Yapon dilində "hibakuşa" ifadəsi "bombadan təsirlənənlər" və ya "bomba qurbanları" mənasını verir. Yapon hökuməti bir şəxsin "hibakuşa" statusu qazana bilməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir.

Bu statusu almaq üçün şəxsin hücum zamanı və ya onu izləyən iki həftə ərzində Xirosima və ya Naqasakidə, müəyyən olunmuş ərazilərdə olması əsas şərtdir. Atom bombasından qaynaqlanan radiasiyaya məruz qaldığı müəyyən edilən şəxslər hibakuşa olaraq tanınır və onlara pulsuz tibbi xidmətlər, xəstəlik yardımları da daxil olmaqla, müxtəlif sosial dəstək proqramları təqdim olunur.



1939-1945-ci illəri əhatə edən II Dünya müharibəsinin son ilində, ABŞ 6 avqustda Xirosimaya, 9 avqustda isə Naqasakiyə atom bombası atmışdı. Xirosimada ilk mərhələdə 66 min nəfər həlak olmuş, 69 min nəfər isə yaralanmışdı. Əhalisi 195 min olan Naqasakidə isə 39 min nəfər ölmüş, 25 min nəfər yaralanmışdı.

İlin sonuna qədər ölənlərin ümumi sayı Xirosimada 135 minə, Naqasakidə isə 75 minə çatmışdı. Lakin yaponlar, hər iki şəhərdəki ümumi ölüm sayının 500 minə yaxın olduğunu bildirirlər. Bu il atom bombalarının Yapon şəhərlərinə atılmasının 80-ci ildönümüdür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->