Xəbər lenti

Tramp Fələstini müstəqil dövlət kimi tanıyacaqmı? (RƏY)
Dünya 17:33 15.05.2025

Tramp Fələstini müstəqil dövlət kimi tanıyacaqmı? (RƏY)

"Tramp administrasiyasının Yaxın Şərq siyasəti, xüsusən də ərəb ölkələri ilə yaxınlaşma siyasəti, Fələstin məsələsində də ciddi dönüşə səbəb ola bilər. Lakin bu, avtomatik olaraq dərhal Trampın Fələstini müstəqil dövlət kimi tanıması demək deyil". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ prezidenti Donald Trampın bir sıra aparıcı ərəb ölkələrilə yaxınlaşması fonunda nəhayət onun Fələsini də bir dövlət olaraq tanıyıb-tanımayacağı barədə suala cavabında deyib.  

Azər Hüseynov qeyd edir ki, Tramp bunu etsə belə, HƏMAS-ın qeyri legitimliyini əsaslandırmaq üçün edər:

"Trampın siyasətində əsas məqsəd, Çinin (onun da arxasında Böyük Britaniyanın) artan təsirinin qarşısını almaq və İsrail ətrafında yeni bir təhlükəsizlik konfiqurasiyası yaratmaqdır. Bu konfiqurasiya çərçivəsində müəyyən güzəşt və zəmanətlər müzakirə olunur. Səudiyyə Ərəbistanının ABŞ-dan silah alması və Əhməd əş-Şaraanın Trampla görüşü də bu konfiqurasiyanın formalaşmasına xidmət edən hadisələr kimi qiymətləndirilə bilər".



Həmsöhbətimizin fikrincə, Tramp administrasiyası ərəb ölkələri ilə iqtisadi və hərbi əməkdaşlığı dərinləşdirərkən, bu ölkələrin də İsrail-Fələstin məsələsində daha çevik və ABŞ-a yaxın mövqe tutmaları üçün zəmin hazırlamaq istəyir:

"Trampın İsrail baş naziri Netanyahu ilə münasibətlərinin gərginləşməsi xəbərləri gərginlik görüntüsü yaratmağa xidmət edir və əslində, danışıqlar prosesində ondan əlavə təzyiq vasitəsi kimi istifadə edilir.  Yeni sülh konfiqurasiyasında HƏMAS-ın mövqeyinin dəyişməsi və ya zəiflədilməsi də gündəmdə ola bilər. HƏMAS-ın siyasi və hərbi qanadları arasında fikir ayrılıqlarına müəyyən qədər təsir etmək də bu siyasətin içindədir. Bu baxımından siyasi qanadın müstəqil idarəyə razılıq verməsi, dəyişimin başlanğıcı kimi dəyərləndirilə bilər. Belə bir fonda konsorsium formatında - ərəb ölkələri, Türkiyə (birbaşa və ya dolayı yolla), ABŞ, FƏTH hökuməti və İsrailin iştirakı ilə yeni bir siyasi düzən qurula bilər".

Ekspert düşünür ki, hətta Ağ Ev tərəfindən Fələstin dövləti tanınsa belə, bu, problemi həll etməyəcək:

"Çünki HƏMAS və digər oyunçular FƏTH-in bir tərəfli hakimiyyətində maraqlı deyillər. Onların Fələstinin gələcəyi ilə bağlı baxışları fərqlidir".

Qeyd edək ki, ABŞ prezidenti Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətərlə münasibətləri xeyli gücləndirib. Tramp həmçinin Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini də bildirib. Yəni Trampın bu səfərilə aparıcı ərəb ölkələrini, demək olar, öz tərəfinə çəkməyə nail olub. Bu əsasda Fələstin rəsmiləri də özlərinin ABŞ tərəfindən tanınmasını arzuladıqlarını bəyan ediblər. Fələstinin Moskvadakı səfiri Əbdəl Hafiz Nofəl TASS agentliyinə açıqlamasında bildirib ki, Fələstin dövləti sülh istəyir və ABŞ tərəfindən tanınma arzusundadır.

Hazırda ABŞ prezidenti Donald Tramp Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə sammitdə iştirak edir. Həmin təşkilata daxil olan ölkələrdən birinin səfiri "The Media Line” nəşrinə bildirib ki, bu sammitdə Trampın "Amerikanın Fələstin Dövlətini tanıması haqqında bəyanatı” təqdim etməsi gözlənilir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->