Xəbər lenti

Video 17:07 21.07.2025

"Sistemdənkənar" "putyovka"lara son - Yaxud AHİK-də aparılan islahatların real mənzərəsi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyində ötən ilin avqustunda həyata keçirilən dəyişiklik qurumun fəaliyyətində əhəmiyyətli dərəcədə yenilənməyə səbəb olub. 

Yeni rəhbərlik ilk növbədə ciddi narazılıq doğuran problemlərə diqqət yönəldib və qısa müddət ərzində aparılan islahatlar nəticə verməyə başlayıb. Bu sırada xüsusilə yollayışların ("putyovka”) verilməsində maneələrin aradan qaldırılması, ədalətlilik və şəffaflığın təmin olunmasını göstərmək olar. 

Əgər əvvəllər vətəndaşlar ən müxtəlif üsullarla, tanışlıq, əlavə ödənişlər etməklə yollayış əldə edirdilərsə, artıq bunun qarşısı alınıb. Ötən ilin noyabrından yollayışların əldə edilməsi üçün yarım-elektron müraciət sistemindən tam elektron müraciət sisteminə keçid edilib. Beləliklə, "sistemdənkənar” yollayış əldə etməyin qarşısına sədd çəkilib. Eyni zamanda bir vətəndaşın bir neçə dəfə yollayış əldə etməsi əlçatmaz olub ki, bununla da ayrı-seçkilik, kimlərəsə privilegiyaların tanınması və s. bu kimi hallar aradan qaldırlıb. Artıq iyun ayından bu yana e-AHİK portalı üzərindən yüz minə yaxın müraciət daxil olub. Müraciətlərin çoxluğu vətəndaşlar arasında quruma olan etimadın göstəricisi kimi dəyərləndirilə bilər. Yəni, vətəndaş bilir ki, yollayış əldə etmək üçün "başqa yollar” bağlanıb və bu, yalnız sistem üzərindən mümkündür və burada hər hansı kənar müdaxiləyə zəmin belə yoxdur. 

İslahatların nəzəri xarakter daşımadığını, deyilənlərin reallıqla ziddiyyət təşkil etmədiyini görmək üçün AHİK və quruma üzv təşkilat Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi media-tur kifayət edir. 

Media-tur 18-19 iyul tarixlərində təşkil olunub. Jurnalistlər Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən istirahət mərkəzlərində olub. 

Jurnalistlər əvvəlcə AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Ülfət” istirahət mərkəzinə gəliblər. 
 


Mərkəzdə 7 kottec və 4 korpus mövcuddur. Korpuslardan 3-ü ikimərtəbəli, 1-i birmərtəbəlidir. Mərkəz eyni vaxtda 125 nəfəri qəbul etmək gücündədir. Müşahidələrimiz göstərir ki, mərkəzdə istirahət edənlərin təhlükəsizliyinə, qida rasionuna, asudə vaxtın səmərəli keçirilməsinə xüsusi diqqət yetirlir. 

Daha sonra jurnalistlər AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Xaçmaz rayonunda yerləşən "Lokomotiv” istirahət mərkəzində olub. Bu mərkəz 6 korpus və 6 kottecdən ibarətdir. İstirahət mərkəzi 216 nəfər üçün nəzərdə tutulub. Burada yeməkxana, idman zalları, minifutbol meydançası, tibb məntəqəsi, hovuzlar var. Uşaqlar da unudulmayıb. Onlar üçün də əyləncə güşələri yaradılıb. 
 


AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Təhsil” istirahət mərkəzinə isə hətta könüllülər də cəlb edilib. Nümunə olaraq Mədəniyyət və İncəsənət Universitetinin tələbləri olan Ayxan və Mircəfər adlı gəncləri göstərmək olar. Bu gənclər mərkəzə gələnlərin mədəni istirahəti üçün səhnəciklər göstərir, musiqi ilə qidalandırır, uşaqlar üçün oyunlar təşkil edir və s. 

"Təhsil” istirahət mərkəzi həm də ətraf kəndlərinin sakinləri üçün iş yeridir. Personal demək olar ki, ətraf kəndlərin sakinləri arasından seçilib. Onların işə vaxtında gəlişini təmin etmək, evlərinə rahat gemək üçün ayrıca nəqliyyat da ayrılıb. 
 


Mərkəzdə istirahət edənlərlə söhbətimizdən aydın oldu ki, yollayışı elektron müraciət əsasında əldə ediblər və burada kənar yolla dincələn yoxdur. 

Personaldan isə qulağımıza pıçıldadılar ki, mərkəzdə qəfil yoxlamalar təşkil olunur. Ona görə də burada hər hansı özfəaliyyətdən danışmaq mümkün deyil. 

"Təhsil” istirahət mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Xaçmaz yerləşən mərkəzi sahəsi 10 hektardan artıqdır. 800 nəfər üçün nəzərdə tutulan mərkəzdə 3 ədəd üçmərtəbəli bina, 50-yə yaxın kottec, idman meydançaları, konfrans zalı, hovuzlar və 400 nəfərlik yeməkxana fəaliyyət göstərir.

Jurnalistlər daha sonra Qusar rayonunda yerləşən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Şəfa” istirahət mərkəzinə gedib.
 


3 mərtəbəli yataq korpusu, konfrans və fitnes zalı, uşaq və idman meydançaları, tibb xidməti, müasir kommunikasiya sistemləri və rahat yaşayış otaqları olan mərkəzdə səhiyyə işçilərinin istirahəti üçün mümükn olan hər şey edilib. 

Media nümayəndlərinin son dayanacağı isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Quba rayonunda yerləşən "Nazlı Bulaq” istirahət mərkəzi olub.

"Nazlı Bulaq” 2024-cü ildən sözügedən komitənin balansına verilib. Quba-Xınalıq yolunun üzərində yerləşən mərkəzdə 50-dən artıq kotec fəaliyyət göstərir. Burada həmçinin açıq və qapalı restoranlar, uşaq əyləncə mərkəzi də mövcuddur. 

"Nazlı Bulaq” həm də 200 nəfərdən çox turist qəbul edə bilər. Bunun üçün də hər cür şərait yaradılıb. 

Beləliklə, media-tur zamanı aydın oldu ki, vaxtilə ən çox narazılıq edilən AHİK tədricən faliyyətini vətəndaşların maraqlarını təmin etmək yönündə quran struktura çevrilməkdədir. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->