Xəbər lenti

Fantastik film deyil, reallıqdır: Yerdəki
Dünya 18:56 21.07.2025

Fantastik film deyil, reallıqdır: Yerdəki "kosmik koloniya" niyə uğursuz oldu?

1990-cı illərin əvvəlində 8 nəfərlik bir qrup qeyri-adi bir təcrübəyə başlayıb. Elmi-fantastik filmləri xatırladan bu eksperiment uğursuzluqla nəticələnsə də, əldə edilən dərslər bu gün əvvəlkindən daha dəyərli hesab olunur.

Qaynarinfo xəbər verir ki, Arizona səhrasının ortasında yerləşən və gələcəkdən gəlmiş kimi görünən bir tikili "Biosfer 2” adlanır. Üç hektarlıq ərazidə qurulmuş bu kompleks şüşə piramidalar, qübbələr və qüllələrdən ibarətdir. İçərisində tropik meşə, savanna, sis səhrası, manqrov bataqlığı və canlı mərcan rifinə sahib "okean” yerləşir. Tikilinin adı Yer planetinin digər adı olan "Biosfer 1”dən götürülüb.
 


1991-ci ildə, kosmosda öz-özünü təmin edən yaşayış mühitinin mümkünlüyünü yoxlamaq üçün bu qurğuya 8 nəfər daxil oldu və iki il boyunca buranı tərk etmədilər. Xarici dünya ilə tam təcrid olunmuş bu insanlar öz qidalarını yetişdirib, tullantı sularını təmizlədi və oksigen istehsal edən bitkilərə qulluq edibıər. Lakin, işlər planlandığı kimi getməyib.

Zaman keçdikcə, oksigen səviyyəsi təhlükəli şəkildə azalıb, karbon qazı isə artıb. Bu, bir çox heyvanın, o cümlədən tozlaşmanı həyata keçirən böcəklərin məhv olmasına səbəb olub. Komanda üzvləri əsasən öz yetişdirdikləri məhsullarla qidalanıb, amma kəskin çəki itkiləri səbəbindən bu, insan orqanizminə kalori məhdudiyyətinin təsiri barədə unikal bir tədqiqata çevrilib.
 


Oksigen əlavə edilməli olduqda layihə "elm adı ilə təqdim olunan yeni dövr cəfəngiyatı” kimi tənqid edilib. Amma son illərdə bir çox alim bu eksperimentin ekologiya, atmosfer elmi və Yerin bənzərsizliyini anlamaq baxımından önəmli dərslər verdiyini bildirir.

"California Texnologiya İnstitutu”ndan tarixçi Liza Rend qeyd edir ki, hazırda milyarderlər özəl kosmik proqramlar hazırlayır və Marsda koloniyalar qurmağı planlaşdırır. Belə bir zamanda "Biosfer 2”nin öyrətdiklərini yenidən nəzərdən keçirmək vacibdir. Bu gün layihə, iqlim dəyişikliyinin ekosistemlərə təsirini araşdıran alimlərlə doludur.
 


Layihənin təməli, "Ekotexnik İnstitutu”nun təsisçisi Mark Nelson və dostlarının Yeni Meksikodakı ekokənddə qurduğu bir ideyaya dayanır. Nelson bildirir ki, layihənin məqsədi texnologiyanı təbiətə uyğun şəkildə istifadə edərək Yer planetinin mürəkkəbliyini daha yaxşı anlamaq idi.

Layihə milyarder Ed Bass tərəfindən maliyyələşdirildi və inşaata 1984-cü ildə başlanıb. Bu günə qədər bənzərinin olmadığı bildirilir. Layihədə tropiklərdən səhraya qədər müxtəlif iqlim qurşaqları yaradılıb, heyvan və bitki növləri simulyasiya olunub. Yeraltı sistemlər temperatur və rütubətə nəzarət edib, tullantı suları təmizləyib və içməli su əldə olunub.
 


Nelson deyir ki, layihəyə başlarkən heç kim iki il orada yaşaya biləcəklərinə əmin deyildi. Onun və layihənin indiki rəhbər müavini Con Adamsın fikrincə, bu bir uğursuzluq deyil, elmi bir nəticə idi. Adams əlavə edir ki, elmdə uğursuz təcrübə yoxdur.

Təcrübə zamanı oksigen səviyyəsi 21 faizdən 14 faizə enərək 3.350 metrlik yüksəkliyə bərabər vəziyyət yaradıb. Bu, "biosferlilər”də yorğunluq və zəifliyə səbəb olub. Sonradan məlum olub ki, torpağın çox zəngin olması bakteriya və göbələklərin oksigeni sürətlə istehlak etməsinə, fotosintez edən bitkilərin isə bu itkini kompensasiya edə bilməməsinə səbəb olub.

Tozlaşmanı həyata keçirən böcəklərin yoxluğu bitki həyatı üçün ciddi problem yaradıb. Uzun buynuzlu çılğın qarışqalar böcəkləri məhv edib. Camın ultrabənövşəyi işığı keçirməməsi də arıların çiçəkləri tapa bilməməsinə səbəb olub. Nəticədə, bəzi "biosferlilər” tozlanmanı əl ilə həyata keçirib.

Eyni zamanda, küləyin olmaması səbəbindən ağaclar zəiflədi və asanlıqla qırılmağa başlayıb. Təcrübə, mərcan riflərinin böyüməsi üçün lazım olan işıq növləri və istiliyə davamlılığı haqqında da mühüm məlumatlar verib.

Nelson vurğulayır ki, bu təcrübənin əsas dərsi insan həyatının Yer ekosistemlərindən ayrılmaz olmasıdır. Tilman isə layihəyə ilk baxışda ümidlə baxsa da, sonradan bu sistemin insan həyatını təmin etməkdən uzaq olduğunu gördüyünü deyir: "İndi əminəm ki, Yer bizim üçün yeganə planetdir".
 


Layihə göstərdi ki, Yeri əvəz etmək üçün lazım olan enerji, əmək və maliyyət olduqca böyükdür. Tilmanın hesablamalarına görə, bu cür bir koloniyada yaşamaq hər bir insan üçün ayda 82.500 dollara başa gələ bilərdi.

Layihə 1993-cü ildə başa çatdıqda, mediada yayılan mənfi xəbərlər əsl dərsləri kölgədə qoyub. O dövrdə bir çox alim, hökumət dəstəyi və akademik titulların olmadığı bu cür layihələri qeyri-leqal sayırdı. Lakin bu gün bu cür bir eksperimentin daha geniş dəstək alacağı düşünülür.

"Biosfer 2"nin hazırkı sahibi Arizona Universitetidir və layihə hal-hazırda qlobal iqlim dəyişiklikləri fonunda tropik meşələrin və mərcan riflərinin reaksiyasını öyrənmək üçün aparılan mühüm təcrübələrin mərkəzidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->