"Düşünürəm ki, vəziyyət kəskinləşərsə, Elm və Təhsil Nazirliyi Rusiyada təhsil alan tələbələrə bir çağırış edər. Çünki qarşıdakı dövr ərzində belə halların yaşanmayacağını kimsə istisna etmir. Belə hallar yaşana bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi Rusiyada təhsil alan tələbələrin aqibətindən danışarkən deyib. O bildirib ki, istər Rusiyadakı səfirliyimiz vasitəsi, istərsə də müvafiq diplomatik vasitələrlə Rusiya hökumətinə belə halların yaşanmaması üçün məlumatlar verilir:
"Amma nəticə etibarı ilə Rusiyada təhsil alan tələbələrimizin təhlükəsizliyi daima diqqətimizdə olmalıdır. Əgər belə hallar yaşanarsa, ilk növbədə tələbələrimiz oradan çıxarılmalıdır. Ümid edirəm ki, vəziyyət ona doğru getməz. Diplomatik vasitələrlə tədricən yaranan böhranı aradan qaldırarıq. Amma hazırkı vəziyyətdə hər gün fərqli mənzərə ilə rastlaşırıq. Onlar başlatdıqları prinsipial məsələlərdən dolayı hər gün qıcıqlandırıcı səhvlərə yol verirlər. Amma bizim Rusiyada təhsil alan tələbələr, o cümlədən Azərbaycan vətəndaşları birmənalı olaraq bilməlidirlər ki, onların təhlükəsizliyi, təhsili Azərbaycan dövlətinin diqqətində olan məsələdir".
Ekspert bildirib ki, əgər hər hansı bir yanlışlıq olarsa, onlar dərhal təxliyə olunacaqlar:
"Tək tələbələr deyil, eyni zamanda orada yaşayan hər kəsdə qorxu var. Daha çox da tələbələrdə. Belə hallarda, xüsusən də ermənilər vəziyyətin daha da kəskinləşməsi üçün rusları qıcıqlandıra bilərlər ki, tələbələrin üzərinə gəlsinlər. Nəticədə də orada xoşagəlməz hallar yarana bilər. Ona görə də daha çox tələbələr çalışmalıdırlar ki, təhsil müddəti bitib ölkəyə dönənə qədər hər hansı şiddət olarsa, ondan yayınsınlar. Çünki istəlinən halda baş verəcək neqativ halda bunun qarşısını almaq çətin olacaq".
Azərbaycan Gənc Alim, Doktorant və Magistlər Cəmiyyətinin sədri İlqar Orucov Azərbaycandan Rusiyada çoxlu sayda tələbənin təhsil aldığını vurğulayıb:
"Öz hesabına, eyni zamanda, həm də dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrimiz var. Həmçinin Rusiya ilə Azərbaycan arasında dövlətlərarası proqram və tələbə mübadiləsi proqramı mövcuddur. Bu proqram çərçivəsində də təhsil alanlar var. Dövlət proqramı çərçivəsində təhsil alanlara münasibətdə düşünmürəm ki, hansısa problem yaşanar. Çünki bütün bunlar beynəlxalq normalar və hüquqi müstəvidə tənzimlənir. Öz hesabına təhsil alan tələbələrimizə münasibətə gəlincə, bu çox şovinist dövlətdir, onlar mülki əhaliyə qarşı zor tətbiq edirlər, bizim tələbələrimiz də mülki şəxslərdir. Onlar bizim təyyarəmizi vura bilirlərsə, milki şəxslərimizə qarşı hansısa qəsd həyata keçirirlərsə, deməli, həm də tələbələrə qarşı rasist münasibət sərgiləyə bilərlər. Rusiya beynəlxalq hüquqa hörmət etməyən, məhəl qoymayan ölkədir. Bu baxımdan tələbələr üçün hanısa sıxıntılar, problemlər yaşana bilər".
Ekspert əlavə edib ki, Azərbaycan sivil, beynəlxalq hüquqa hörmət edən dövlətdir:
"Dövlətimizin öz soydaşlarının Rusiyada təhsil alan tələbələrini qorumaq imkanları var. Dövlət vətəndaşların, haqqın yanında olduğu kimi, eləcə də təhsil alan tələbələri də müdafiə etmək gücündədir. Həm də bizim güclü liderimiz, prezidentimiz var. Əminəm ki, prezidentimiz vətəndaşlarımızı qoruduğu kimi təhsil alan tələbələrimizi də qorumaq gücündədir. Ümid edirəm ki, münasibətlər yaxşılığa doğru dəyişəcək. Tələbələr Azərbaycanda yay tətilindədir, ona kimi Rusiya tərəfi öz səhfini başa düşəcək, qeyri-insanı davranışlarına redaktələr edəcək".
Bahar Rüstəmli
Şərhlər