"Qarabağ" Azərbaycan Kubokunda yeni rekorda imza atıb.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarımfinalda "Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan "Qarabağ” 11 dəfə buna nail olan "Neftçi”ni geridə qoyub.
Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də - 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024 mövsümlərində kuboku qazanıb. Üç dəfə - 1995/1996, 1997/1998 və 1999/2000 mövsümlərində finalda uduzub.
"Sabah" isə Azərbaycan Kubokunun 33 illik tarixində finala vəsiqə qazanan 19-cu komanda olub. Paytaxt təmsilçisi buna yarımfinal mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırmaqla (2:1, 1:1) nail olub.
"Qarabağ” 12, "Neftçi” 11, "Şamaxı” 6, "Xəzər Lənkəran” və "Qəbələ” 5, "Kəpəz” 4, "Bakı” 3, "Kür-Nur”, "Şəmkir”, "Sumqayıt” və "Zirə” 2 dəfə yarımfinalı uğurla keçib. "İnşaatçı” (Bakı), "Şəfa”, "Xəzri”, "MKT-Araz”, "İnşaatçı” (Sabirabad), "Xəzər” (Lənkəran) və "Karvan” isə "Sabah” kimi buna 1 dəfə nail olub.
Qeyd edək ki, 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq qalıb. "Sabah" finalda "Qarabağ"la üz-üzə gələcək.
Onu da əlavə edək ki, "Sabah"la yarımfinalın cavab oyunundakı heç-heçə "Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub. 1:1 hesablı bərabərlik "ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı sülhü olub. Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.
"Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər sülhlərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.
"Ağ-qaralar" kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.
Şərhlər