Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb.
Xidmətdən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2022–2026-cı illər üzrə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası və korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2023-cü ilin may ayından etibarən xidməti fəaliyyətdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində sistemli tədbirlər həyata keçirir.
Bu müddət ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks işlər görülmüşdür.
Belə ki, əməkdaşların vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış və ya əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 28 fakt üzrə 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə həyata keçirilən optimallaşdırma tədbirləri, korrupsiya risklərinin azaldılması, idarəetmədə operativliyin və obyektivliyin təmin olunması, ümumilikdə fəaliyyətin şəffaflığının artırılması baxımından müsbət nəticələr verməkdədir.
Vətəndaşlarla təmasın minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyanın imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılmışdır. Hazırda "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi”, "Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, "Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, "Həqiqi hərbi xidmət keçmə haqqında”, "Müddətli həqiqi hərbi xidmət barədə” və "Hərbi qeydiyyat haqqında” arayışlar "MyGov” mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.
Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı mərkəzinə və ya
[email protected] elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.
Şərhlər