Alimlər kartofun mənşəyinə dair gözlənilməz nəticəyə gəliblər: Bu bitki təxminən 9 milyon il əvvəl pomidorun əcdadından yaranıb.
Qaynarinfo-nun "The Guardian"a istinadən məlumatına görə, son araşdırmalar göstərir ki, And dağlarında bitən vəhşi pomidor növləri Etuberosum adlı bitki ilə hibridləşərək yeni genetik birləşmə yaradıb. Bu proses nəticəsində tamamilə yeni bir bitki xətti - kartofun ilkin forması - meydana gəlib.
"Cell" jurnalında dərc olunan araşdırmada alimlər 450 mədəni kartof növü və 56 vəhşi növün genomunu təhlil ediblər. Tədqiqatın müəllifi Çjiyan Çjan bunu "vəhşi kartofun ən böyük genom kolleksiyalarından biri" adlandırıb.
Alimlərin fikrincə, kartof bədənindəki nişastalı yumruların yaranmasında iki gen əsas rol oynayıb: pomidorda aşkarlanan SP6A və Etuberosum bitkisində olan IT1. Bu genlər təkbaşına kifayət etmir, lakin birlikdə olduqda güclü bir mexanizm işə düşür və yeraltı gövdələrin yumru formalı, nişastalı orqanlara çevrilməsinə səbəb olur.
Bu qida ilə zəngin orqanlar kartofun And dağlarının yüksələn iqlim şəraitində inkişaf etməsinə imkan verib. Bitkilər yeni şəraitə uyğunlaşaraq yayıldıqca, müxtəliflikdə əhəmiyyətli artım baş verib. Yerli xalqlar daha böyük və yeyilə bilən yumrulara malik növləri seçərək onları əhliləşdiriblər.
London Təbiət Tarixi Muzeyinin botaniki doktor Sandra Knapp qeyd edib: "And dağlarında yerli xalqların yüzlərlə kartof növü var. Avropada isə bəlkə də cəmi beş növ mövcuddur və onların hamısı eyni növə - Solanum tuberosuma aiddir".
Kartof XVI əsrdə ispan gəmiləri ilə And dağlarından Avropaya gətirilib. Əvvəllər insanlar ona şübhə ilə yanaşırdı – torpaq altında yetişir, Bibliyada adı çəkilmir və qeyri-adi görünüşə malik olub. Lakin qidalandırıcı dəyəri və çətin şəraitə dözümlülüyü sayəsində kartof tezliklə Avropada və dünyanın bir çox yerində əsas qida məhsuluna çevrilib.
Aydın
Şərhlər