Xəbər lenti

Hindistanın zərbələri nəticəsində 26 pakistanlı ölüb, qarşı tərəfin qırıcıları vurulub
Dünya 09:30 07.05.2025

Hindistanın zərbələri nəticəsində 26 pakistanlı ölüb, qarşı tərəfin qırıcıları vurulub

Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olan pakistanlıların sayı 26 nəfərə çatıb, 46 nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat verib.

Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın hücumunu utancverici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb:

"Hərbi Hava Qüvvələrimizin təyyarələri havadadır. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına soxulmasına heç vaxt icazə verməmişik. Pakistan bu hücuma cavab verəcək və təxribat cavabsız qalmayacaq".

Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. 

Pakistan Hərbi Hava Qüvvələri Hindistanın 5 qırıcı təyyarəsini vurub. Bu barədə "Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

"Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki "Rafale” və Rusiya istehsalı olan bir "Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, deyə telekanalın mənbələri qeyd ediblər.

Təyyarələrdən biri Pakistanın "hava-hava” tipli raketi ilə məhv edilib.  Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib.

Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb. Bu barədə "Daily Pakistan” qəzeti diplomatik mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Hindistan tərəfi ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib.

Daha sonra BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanı təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırıb.

Nazir hərbi eskalasiyanın qarşısının alınması, Cənubi Asiyada sabitliyin möhkəmləndirilməsi və regional gərginliyin daha da artmasının qarşısını almaq üçün dialoqa və qarşılıqlı anlaşmaya çağıran səslərə qulaq asmağın vacibliyini vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->