Xəbər lenti

Həbsdə olan bəstəkar müğənnilərə qadağa qoydu, Xalq artisti tövsiyə verdi (AÇIQLAMA)
Sənət 14:06 24.09.2024

Həbsdə olan bəstəkar müğənnilərə qadağa qoydu, Xalq artisti tövsiyə verdi (AÇIQLAMA)

"Tural Bayraməliyev nə desə, haqlıdır. Turalın buna haqqı çatır, mahnının söz və musiqi sahibi var. Mən Turalı dəstəkləyirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyaz Məmmədova bəstəkar və şair Tural Bayraməliyevin bəzi müğənnilərə onun mahnılarını oxuması ilə bağlı qoyduğu qadağaya aydınlıq gətirərkən deyib.
 
Gülyaz Məmmədova bütün ifalarında müəlliflərin adını çəkdiklərini vurğulayıb:

"Hər bir musiqinin 4 yaradıcısı var. Sözləri, musiqisi, aranjimanı və ifaçısı. Bunlar həmişə deyilməlidir. Mən Tural Bayraməliyevə haqq qazandırıram. Tural Bayraməliyev bizim dəyərli dostumuz, qardaşımızdır. İllər öncə onunla bizim əməkdaşlığımız olub. Gülyanaqla onun bir neçə mahnısını ifa etmişik. Başqalarını deyə bilmərəm, Gülyanaqla mən onun mahnılarını ifa edəndə həmişə müəllif kimi adını çəkmişik. Uzun müddət Tural Bayraməliyev aramızda olmadı. Mənim onun həbsindən xəbərim olmayıb. Düşündüm ki, yəqin Tural Azərbaycandan gedib, başqa ölkədə yaşayır. Onun həbsi ilə bağlı yaxın zamanlarda eşitdim, çox pis oldum, kövrəldim və təəssüfləndim”.

Gülyaz Məmmədova repertuarında vətən, dövlət haqqında mahnılar üstünlük təşkil etdiyini xatırladıb: 

"Gülyanaqla nə qədər mahnılar ifa edirik. Bizim qədər dövlət, vətən haqqında mahnı oxuyan ikinci bir müğənni yoxdur”.

Xalq artisti, Tural Bayraməliyevə qərarından çəkinməsi ilə bağlı tövsiyə edib:

"Ona tövsiyə edərdim ki, qadağa qoymasın. Bəlkə səhvlərini anlayıb onun mahnılarını ifa edəndə müəllif kimi adını çəkərlər. Hamımız bilirik ki, bu, onun zəhmətinin bəhrəsidir. Başqasının haqqına girmək olmaz”.

Qeyd edək ki, Tural Bayraməliyev 2018-ci ildə gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızının şikayəti ilə həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub. Bəstəkar təxminən 30-a yaxın mahnısını ölkənin tanınmış müğənniləri tərəfindən ifa edildiyini söyləyib:

"Heç bir zaman mahnılarımı satmamışam. Müğənnilərin kimliyini də özüm seçmişəm. Mənim mahnılarım ilə məşhurlaşan kifayət qədər müğənni var. Bu gün rəsmi tədbirlərdə Xalq artistləri Aygün Kazımova, Gülyaz-Gülyanaq bacıları, Nisə Qasımova, Əməkdar artistlər Abbas Bağırov, Mətanət İsgəndərli, Almaz Ələsgərli sevə-sevə oxuyurlar. Bu qərara gəlməyimin səbəbi o oldu ki, dəfələrlə televiziya kanallarında öz mahnılarımı eşitsəm də, adımın çəkildiyini görmədim. Bu müraciətimdən sonra hansısa tədbirdə və ya el şənliklərində aşağıda adları sadalanan mahnılarımın ifa olunduğunu eşidərəmsə, o şəxslə hüquqi müstəvidə danışmalı olacağam".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->