Xəbər lenti

Siyasət 19:15 14.07.2025

"Azərbaycan "səssiz güc"ə çevrilib" - Ekspert

"İsrail və Suriya rəsmilərinin Bakıda gizli görüş keçirməsi və regional təhlükəsizlik məsələlərinin, xüsusilə də İran, Hizbullah və Livandakı vəziyyətin müzakirə olunması ciddi geosiyasi rezonans doğura biləcək hadisədir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Bakıda İsrail və Suriya nümayəndələri arasında keçirilən görüşü şərh edərkən deyib. 

Bu tip görüşlərin Azərbaycan paytaxtında baş tutması isə həmsöhbətimizin fikrincə, rəsmi Bakının artan diplomatik və vasitəçilik roluna, həmçinin etibarlılığına işarədir: 

"Bildiyimiz kimi, Azərbaycan həm ərəb ölkələri, həm də İsraillə yüksək səviyyəli münasibətlərə malikdir. Bu balanslı siyasət Bakı üçün regionlararası vasitəçi kimi çıxış etməyə şərait yaradır. Suriya prezidenti Əhməd Əl-Şaraanın Bakıya səfəri də bu kontekstdə anlaşılmalıdır. Bakı İsraillə açıq strateji tərəfdaş olsa da, rəsmi Dəməşqlə də hazırda yaxın münasibətlər formalaşmaqdadır və prezidentlər səviyyəsində keçirilən gőrüş, əldə edilən razılaşmalar buna əyani sübutdur".
 


Vüqar Zifəroğlu qeyd edib ki, Azərbaycan faktiki olaraq son illərdə, xüsusilə də COP29 konfransına ev sahibliyi ilə, özünü beynəlxalq diplomatiyanın yeni "səssiz güc”lərindən biri kimi təqdim edib: 

"İsrail və Suriya arasında diplomatik münasibətlər yoxdur və bu iki ölkə rəsmi olaraq hələ də müharibə vəziyyətindədir. Bu səbəbdən onların eyni masa arxasında oturması, ələlxüsus hazırda regionda baş verən proseslər fonunda nadir və həssas hadisədir. Bu tip prinsipial və əhəmiyyətli görüşlərin üçüncü tərəfin vasitəçiliyi ilə və neytral məkanda keçirilməsi praktikası var. Bu çərçivədə Bakı yeni bir "neytral diplomatik məkana” çevrilir”. 
 
Ekspert düşünür ki, görüşdə müzakirə edilmiş mövzuların əhəmiyyəti dialoqun təkcə ikitərəfli deyil, həm də çoxşaxəli olduğunu və onun geniş regional təhlükəsizlik arxitekturasına təsir edə biləcəyini göstərir:

"Bu görüş təkcə İsrail və Suriya arasında gizli danışıqların bir epizodu deyil, həm də Azərbaycanın sülh və təhlükəsizlik diplomatiyasının qovşağına çevrildiyini gőstərir. Bu isə Azərbaycanın regional güc kimi rolunu daha da artırır, beynəlxalq ictimaiyyətdəki çəkisini möhkəmləndirir və onu təkcə enerji və logistik imkanları ilə deyil, həm dəvasitəçilik bacarıqları ilə fərqləndirən strateji aktora çevirir. Bu baxımdan, Bakı yalnız görüşlərə meydan verən şəhər deyil, yeni diplomatik arxitekturanın formalaşmasında iştirak edən əsas oyunçulardan biri kimi tarixə düşə bilər”. 

Qeyd edək ki, "Al Arabiya” nəşrinin Dəməşqdəki diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Suriya və İsrail rəsmiləri Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər. Məlumata görə, görüş iyulun 12-də baş tutub. Mənbənin dediyinə görə, Aş-Şaraahın özünün iştirak etmədiyi bu görüş israilin Suriyadakı son hərbi mövcudluğu məsələsinə həsr olunub. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->