Yay aylarında Avropada saysız-hesabsız vəhşi heyvan və quşlara rast gəlmək mümkündür – sərt iqlimə uyğunlaşmış ağ ayılardan tutmuş, gülməli görünüşləri ilə seçilən atlantik "tupik” quşlarına qədər.
Qaynarinfo xəbər verir ki, səyahət jurnalı "National Geographic" bu yayın Avropada vəhşi təbiəti izləmək üçün ən uyğun olan altı məkanı təqdim edib. Müəlliflərin fikrincə, Avropanın sıx məskunlaşmasına baxmayaraq, burada çoxsaylı dağ silsilələri, tənha meşələr və adalar mövcuddur ki, bu da müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şərait yaradır.
1. Sent-Kilda, Şotlandiya
Şotlandiyanın uzaq Hebrid adalarında yerləşən bu arxipelaq, dəniz quşlarının bolluğu ilə seçilir. Burada 17 növ quş yuva qurur və 100 min cüt "tupik” quşu ilə Böyük Britaniyanın ən böyük koloniyası formalaşıb. Yay bu ərazini ziyarət etmək üçün ideal vaxtdır. Buraya birgünlük səfər və ya geniş miqyaslı ekoloji turlar çərçivəsində baş çəkmək olar. Səfər zamanı delfinlər, qatil balinalar, suitilər və kambur kitlərə rast gəlmək də mümkündür.
2. Feqeraş dağları, Rumıniya
Karpat dağlarının cənub-qərbində yerləşən bu ərazi Avropanın Yelloustounu olmağa namizəddir. Burada meşələrin sıxlığı və biomüxtəliflik diqqətçəkicidir. Axşamlar meşə sığınacağından ayıların müşahidəsi ilə yanaşı, ris, canavar, yenidən buraxılan bizon və bəbirlərə də rast gəlinir. Gələcəkdə buraya leşyeyən quşların da qaytarılması planlaşdırılır.
3. Azor adaları, Portuqaliya
Üç qitənin tektonik qovşağında yerləşən bu vulkanik arxipelaqda yaz sonu və yayda müxtəlif növ kitlər (mavi, kambur, fin, grind-kitlər) müşahidə olunur. Kaşalotlar isə ilboyu burada qalır. Delfinlər və çəkic formalı akulalar da burada sıxlıqla rast gəlinən növlərdəndir. Kit izləmək istəyənlər Fayal adasını, dalğıclar isə San-Mariya adasını seçməlidirlər.
4. Berqslaqen meşəsi, İsveç
Stokholmdan cəmi iki saatlıq məsafədə yerləşən bu meşəlik ərazi vəhşi təbiət üçün ideal məkandır. Burada canavar, ayı, bəbirlər və xüsusilə marallara tez-tez rast gəlinir. Kano ilə gəzinti zamanı bu heyvanlarla qarşılaşmaq daha ehtimal olunur, çünki suda olarkən marallar daha sakit davranırlar.
5. Vanuaz milli parkı, Fransa
Qışda xizək kurortları ilə məşhur olan bu bölgə yayda sükut və təbiət gözəlliyi ilə fərqlənir. Burada dağ keçiləri, dağ antilopları (sarnalar), şahinlər və son dövrlərdə artan canavar populyasiyası mövcuddur. 20-ci əsrin əvvəlində məhv olmuş quş növləri yenidən buraya qaytarılıb.
6. Şpisbergen, Norveç
Qütb dairəsi ilə Şimal qütbü arasında yerləşən bu Norveç adası Arktik təbiətin müşahidəsi üçün əvəzsizdir. Burada yay aylarında ağ ayılar, morslar, kitlər, dəniz quşları və qütb tülküləri müşahidə edilə bilər. Bu bölgəyə kiçik gəmilərlə təşkil olunan kruiz turları ən effektiv variant sayılır. İyulda temperatur +3-7°C arasında dəyişir.
Aydın
Şərhlər