Kaliforniya Universitetinin Devis kampusundan olan alimlər müəyyən ediblər ki, SARS-CoV-2 virusu beyinə sürətlə nüfuz edərək Altsheymer xəstəliyinin əlamətlərinə bənzər pozuntular yarada bilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Genomic Press" jurnalında dərc olunmuş araşdırmada qeyd olunub.
Tədqiqat çərçivəsində alimlər COVID-19-dan vəfat etmiş şəxslərin retina toxumalarını və həmçinin kök hüceyrələrdən yetişdirilmiş laboratoriya retina orqanoidlərini təhlil ediblər. Xüsusi diqqət virusun hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi iki zülala - neyropilin-1 (NRP1) və ACE2-yə yönəldilib.
Aparılan analiz göstərib ki, NRP1 zülalı COVID-19-a yoluxmuş şəxslərin neyron və gliya hüceyrələrində aktiv şəkildə mövcuddur. Bu fakt virusun, o cümlədən gözlər vasitəsilə beyinə daxil ola bilməsi ilə bağlı hipotezanı təsdiqləyir. Üstəlik, COVID-19-dan əvvəl demensiya əlamətləri olmayan şəxslərdə belə xəstəlikdən sonra neyrodegenerativ dəyişikliklərlə əlaqəli olan beta-amiloid adlı zülalın çöküntüləri aşkarlanıb.
Araşdırma həmçinin göstərib ki, NRP1-i bloklayan preparat əlavə edildikdə beta-amiloidin toxumalardakı konsentrasiyasının artımı dayandırılır. Alimlərin sözlərinə görə, bu müşahidə COVID-19-dan sonra bəzi insanlarda müşahidə olunan "beyin dumanı" və digər nevroloji fəsadların qarşısını ala biləcək yeni müalicələrin hazırlanmasına yol açır.
Aydın
Şərhlər