Son illərdə sosial mediada məşhurlaşan Hunza pəhrizi Himalay dağlarının ətəyində, Pakistanın şimalında, 2500-3000 metr yüksəklikdə yaşayan və 100 yaşı keçən ömürləri ilə tanınan Hunza xalqının qidalanma və həyat tərzinə əsaslanır. Bu pəhriz modeli, sadəlik, təbiilik və balanslı həyat üzərində quruludur.
Qayanrinfo xəbər verir ki, türk dietoloq Gülçin İşığın sözlərinə görə, Hunzaların əsas qida mənbəyi tərəvəzlər, meyvələr, paxlalılar və tam taxıllardır. Ət çox nadir hallarda, əsasən xüsusi günlərdə istehlak olunur. Süt məhsulları da az miqdarda qəbul edilir. Qidalanmalarının təqribən:
* 40%-i tam taxıllar,
* 30%-i tərəvəzlər,
* 15%-i isə ərik, tut və üzüm kimi meyvələrdən ibarətdir.
Hunzalar üçün ərik yalnız meyvə deyil, həm də sağlamlıq mənbəyidir. Onlar ərik çəyirdəyindən əldə edilən yağı yeməklərində istifadə edirlər. Bu yağ E vitamini və oleik turşusu ilə zəngindir və antioksidant baxımından yüksək dəyərə malikdir. Katı yağlardan istifadə etmirlər, yeməkləri isə əsasən ədviyyatlarla dadlandırırlar.
Evdə hazırlanmış qatıq, fermentləşdirilmiş tərəvəzlər və təbii mayalı çörəklər Hunza süfrələrinin ayrılmaz hissəsidir. Bu məhsullar bağırsaq sağlamlığına müsbət təsir edir və immun sistemini gücləndirir.
Hunza xalqı adətən gündə iki dəfə yemək yeyir. Bu isə müasir "fasiləli oruc” modelinə bənzəyir. Az və nizamlı yemək onların insulin səviyyəsini sabit saxlayır və iltihab riskini azaldır.
Onların qidalanmasında nə ağ un, nə rafinə şəkər, nə də qablaşdırılmış məhsullar yer alır. Trans yağlar və qatqı maddələri istifadə edilmir. Bu da obezite və maddələr mübadiləsi pozuntularının qarşısını almağa kömək edir.
Hunzalar "glacial” adlanan buzlaq sularını içirlər ki, bu da minerallarla zəngin bir su mənbəyidir. Eyni zamanda coğrafi şərtlər və kənd həyat tərzi sayəsində gün ərzində davamlı hərəkət halındadırlar.
Gülçin İşık Hunza modelini "bir pəhrizdən daha çox, həyat fəlsəfəsi” kimi xarakterizə edir və bu yaşam tərzinin sadəlik, təbiilik və sağlamlığa hörmət üzərində qurulduğunu vurğulayır. Onların izolyasiya olunmuş şəraitdə yaşaması müasir dövrdə mümkün olmasa da, bəzi vərdişlərini gündəlik həyatımıza daxil etmək faydalı ola bilər:
* Tərəvəz əsaslı yemək vərdişi formalaşdırmaq,
* Həftədə bir neçə gün ət yerinə paxlalılara üstünlük vermək,
* Fermentləşdirilmiş qidaları gündəlik rasiona daxil etmək,
* Ərik və ya digər yerli meyvələri təzə və ya quru şəkildə istehlak etmək,
* Qida aralıqları yaradaraq aralıklı orucu sınamaq,
* Emal olunmuş və şəkərli məhsullardan uzaq durmaq.
Nəticə olaraq: Hunza xalqının uzunömürlülüyü və sağlamlığı hələ tam elmi sübutlarla dəstəklənməsə də, onların təbiətə yaxın və azla kifayətlənən yaşam tərzi müasir həyatın itirdiyi bir çox əsas sağlamlıq prinsipini xatırladır. Bu model, daha az müdaxilə edilmiş bir həyatın və balanslı qidalanmanın gücünü göstərir.
Aydın
Şərhlər