Xəbər lenti

ABŞ və Çin arasında sözlə aparılan iqtisadi savaş - Kim qalib gələcək?
Dünya 13:48 15.04.2025

ABŞ və Çin arasında sözlə aparılan iqtisadi savaş - Kim qalib gələcək?

"Çinlə danışıqlar üçün təməl hazırlanır. O hazırlananda qarşılıqlı güzəştlər əsasında ABŞ-la Çin arasındakı məsələ də öz həllini tapacaq”.

Qaynarinfo-ya açıqlamasında bunu REAL Partiyasının sədri Natiq Cəfərli ABŞ-la Çin arasında tarif müharibəsini şərh edərkən deyib: 
  
"Söhbət ondan gedir ki, Trampın tarif müharibəsini elan edən günü səhm bazarında ciddi itkilər baş verdi. Nəticədə səhmlərin qiyməti ucuzlaşdı. Dünya üzrə səhm bazarında təxminən 5 trilyon dollara yaxın ucuzlaşma oldu. Amma sonradan Trampın Çindən başqa digər ölkələrə qarşı tarifləri 90 günlük ertələməsi birjaların aşağı-yuxarı normallaşmasına gətirib çıxardı. İki gün öncə Tramp tərəfindən Çinin elektrotexnika materiallarına qoyulan gömrük rüsumları da qaldırıldı. Bu isə səhm bazarında sakitlik yaratdı”. 

Ekspert deyir ki, hazırda Vaşinqtonla Pekin bir növ söz duelinə çıxıblar:

"İndi kimin birinci geri addım atması istiqamətində sanki bir əsəb oyunu gedir. Çünki hər iki ölkə bir-birindən kəskin şəkildə asılıdır. Aralarındakı ümumi ticarət dövriyyəsi 650 milyard dollardır. Onun 450 milyard dolları Çinin Amerikaya satdığı, 200 milyardı isə ABŞ-ın Pekinə satdığı mallar üzrə vəsaitdir. Yəni disbalans var ki, Tramp da onu aradan qaldırmağa çalışır”. 
 


Həmsöhbətimiz Trampın bu addımlarının bəhanə olduğu qənaətindədir və onun fikrincə, tariflər hansısa ölkələrlə danışıqlar aparmaq üçün ilkin üstünlük əldə edərək, masaya oturmağa hesablanmış addımdır: 

"Bu da öz bəhrəsini verir. Artıq 90 günlük ertələməyə baxmayaraq, 120-yə yaxın ölkə ABŞ-la yeni tariflərlə bağlı danışıqlara başlayıb. 75 ölkə ilə isə artıq ümumi razılaşma əldə edilib. Çinlə də eyni vəziyyətdir, danışıqlar üçün təməl hazırlanır. O hazırlananda qarşılıqlı güzəştlər əsasında ABŞ-la Çin arasındakı məsələ də öz həllini tapacaq”.   

Qeyd edək ki, mətbuatın yazdığına görə, ABŞ-ın Çinə tətbiq etdiyi ticarət tariflərindən sonra Amerika birjası toplam 19 trilyon dollar itirib. Çinin potensial itkiləri isə təxmini olaraq 6.5-7 trilyon arası qiymətləndirilir. Yəni hər iki tərəfdə birjalar xeyli itkilərə məruz qalıblar. 

Bu arada dünya çinli hüquqşünas Victor Zhikai Go-nun ABŞ-ın Fox News telekanalına verdiyi müsahibədən danışır. 

Doktor Go aparıcının "Çin öz ixracatının 15%-ni itirəcək” arqumentinə cavab olaraq deyib ki, "Vecimizə deyil. Dünya çox böyükdür və biz başqa bazarlar tapacağıq”.

Sonda isə əlavə edib ki, Çin 5000 ildir ki, mövcuddur:

"Biz 5000 ildir varıq. Bu müddətin çoxunda ABŞ ümumiyyətlə mövcud deyildi. Və növbəti 5000 ildə də mövcud olacağıq. Sağ qalacağıq”.

Görünən odur ki, artıq sosial və ənənəvi media üzərindən tərəflər arasında sərt mübarizə başlayıb. Deməli, qarşıda dünyanı daha maraqlı günlər gözləyir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->