22 yaşlı ispaniyalı tennisçi Karlos Alkaras tennis tarixində "Böyük Dəbilqə" turnirlərində 12 dəfə 1/4 final mərhələsinə çıxan ən gənc oyunçu olub. Bu nəticəyə o, Uimbldon turnirinin 1/8 final mərhələsində "neytral" statusla çıxış edən rusiyalı Andrey Rublyovu məğlub etməklə nail olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "ATP Tour" məlumat yayıb.
Dünya reytinqində ikinci yerdə qərarlaşan Alkaras turnirdəki titulunu müdafiə etmək məqsədilə ilk oyunda keçmiş dünya doqquzuncusu Fabio Fonini ilə 4,5 saat davam edən qarşılaşmada qələbə qazanaraq Rafael Nadalın rekordunu təkrarlamışdı. Daha sonra ispaniyalı tennisçi təsnifat mərhələsindən keçmiş Oliver Tarvet üzərində üç setdə, almaniyalı Yan Lennard Ştruff üzərində isə dörd setdə üstünlük əldə edib.
Rublyovla qarşılaşmadan sonra Alkaras bildirib: "Bilirəm ki, oyunum daha da yaxşılaşacaq. Birinci setdə fərq cəmi bir neçə xal idi, buna görə də düşündüm: "Eyni tempdə davam et, rəqibin verdiyi fürsətləri maksimum dəyərləndirməyə çalış". İkinci setdə qazandığım breyk oyunun axarını dəyişdi. Bundan sonra özümü daha rahat və sakit hiss etdim, fikirlərim daha aydın oldu".
Qeyd olunur ki, Rublyova qalib gəldikdən sonra Alkaras "Lexus ATP Head2Head" seriyasında onunla olan şəxsi hesabını 3:1-ə çatdırıb. Hazırda Alkaras TOP-20 reytinqli tennisçilərə qarşı ardıcıl səkkiz qələbə seriyası göstərir və "Böyük Dəbilqə" turnirlərində bu kateqoriyadan olan rəqiblərlə oyunlarda ümumi nəticəsi 23:9-dur.
Aydın
Şərhlər