Xəbər lenti

Müxalifət bu dəfə Makronun istefasına nail olacaqmı? - Politoloq
Dünya 18:39 27.08.2025

Müxalifət bu dəfə Makronun istefasına nail olacaqmı? - Politoloq

"Fransa müxalifəti növbəti dəfə Makrona etimadsızlıq məsələsini gündəmə gətirəcək, ancaq bu istəklərinə nail olmaları çətin məsələdir”. 

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Fransa müxalifətinin yenidən Prezident Emmanuel Makronun istefasına nail olmaq istiqamətində çabalarını şərh edərkən deyib.

"Fransa Prezident Respublikasıdır. Orada Prezidentin səlahiyyətləri baş nazirin səlahiyyətindən daha genişdir. Ölkə parlamentində müxalifətin baş nazir və onun hökumətinə qarşı etimadsızlıq nümayiş etdirməsi dolayısı ilə həm də Prezidentə qarşı etimadsızlıq demək olacaq”, - deyə həmsöhbətimiz bildirib.

Politoloq qeyd edir ki, hökumətin istefaya göndərilməsinin ardınca birmənalı şəkildə Prezidentə də etimadsızlıq məsələsi gündəmə gələcək:

"Fransada mövcud olan sosial-iqtisadi problemlərin səbəbkarı müxalifətin bəyan etdiyi kimi həqiqətən də baş nazir deyil, ölkə Prezidentidir. Ölkənin sosial-iqtisadi siyasətinə bilavasitə cavabdeh şəxs Prezidentdir. O baxımdan qarşıdakı mərhələdə Fransa müxalifəti parlamentdə hökumətə qarşı istədiyi qərarları qəbul edə bilsə, ardınca Prezident Makrona qarşı etimad məsələsinin gündəmə gələcəyi də şübhəsizdir”.
 


Bununla belə, ekspert müxalifətin bu niyyətinin baş tutacağına da əmin deyil:

"Ancaq məsələni gündəmə gətirsələr də, müxalifətin Prezidenti istefaya göndərmək üçün lazımi dəstəyə sahib olacaqlarını da düşünmürəm. Yəni müxalifətin bu cəhdi də əvvəlki tək uğursuzluğa düçar olacaq”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun mövqeyi yenidən çat verməkdədir. Belə ki, Fransa parlamentindəki sol müxalifət, baş nazir Fransua Bayrun hökumətinin sentyabrın 8-də deputatların etimadını qazana bilmədiyi halda, prezident Emmanuel Makronun da istefası prosedurunu yenidən işə salmağı planlaşdırıb.

Bu barədə məlumat verən solçu "Qeyri-itaətkar Fransa” partiyasının lideri Jan-Luk Melanşon bəyan edib ki, problemin səbəbini həll etmək lazımdır:

"Cənab Bayru bizi bu vəziyyətə salan şəxs deyil. Bu, Makronun yanlış iqtisadi və siyasi rəhbərliyinin nəticəsidir”. 

Görünən odur ki, müxalifət yaranmış vəziyyətdən istifadə edərək, prezident Makronun da istefasına nail olmağa çalışır. 

Xatırladaq ki, 2024-cü ilin dekabrın əvvəlində də müxalifət Mişel Barnye hökumətini istefaya göndərməklə Makronun da hakimiyyətdən uzaqlaşdırılmasına çalışıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->