Xəbər lenti

Bataqlığı bərpa etmək: FT Rusiyanı Avropaya buraxmamağın yolunu göstərdi
Dünya 13:47 26.08.2025

Bataqlığı bərpa etmək: FT Rusiyanı Avropaya buraxmamağın yolunu göstərdi

Ağır zirehli texnikaya malik işğalçı ordular üçün Almaniyanın şimal-şərqində yerləşən və Kişxofer-Mur kimi tanınan bataqlıq ərazisinə daxil olmaq çox çətin olacaq. 

Qaynarinfo "Financial Times”a istinadla xəbər verir ki, bu fikri mütəxəssis Hans Yusten bildirib.

Onun sözlərinə görə, texnika dərhal bataqlıqda ilişib qalacaq.

Yusten hesab edir ki, Kişxofer-Mur kimi bataqlıqlar Avropa qarşısında duran iki ən ciddi təhdidə – Rusiya ekspansionizminə və antropogen iqlim dəyişikliyinə qarşı mühüm səddə çevrilə bilər. Qitə yüz milyardlarla dolları yenidən silahlanmaya sərf etməyə hazırlaşdığı bir vaxtda bir çox alimlər ətraf mühitin ikinci plana keçdiyindən narahatdırlar.

70 yaşlı Yusten həmkarlarının "torf papası” adlandırdığı alim, qurudulmuş bataqlıqların bərpasını Rusiya prezidenti Vladimir Putini dayandırmağın və eyni zamanda dəyərsiz karbon uducusunu qorumağın iqtisadi cəhətdən səmərəli yolu hesab edir.

Məqalədə qeyd olunur ki, minilliklər boyu sular müdafiə strategiyasında mühüm rol oynayıb. Prussiyalı general və hərbi strateg Karl fon Klauzeviç bataqlıqları "ən möhkəm müdafiə xətlərindən biri” adlandırmışdı. German tayfalarının başçısı Armini Tevtoburq meşəsinin qaranlıq və yapışqan torf bataqlıqlarında Roma ordusuna ən böyük məğlubiyyətlərdən birini yaşatmışdı. XVI–XVII əsrlərdə hollandlar ispan və fransız işğalçılarını dəf etmək üçün strateji su basdırma üsulundan istifadə etmişdilər.

Daha yaxın tarixdə, 2022-ci ilin ilk günlərində Ukrayna ordusu rus zirehli texnikasının Kiyevə doğru irəliləməsini dayandırmaq üçün paytaxtın 20 km şimalında sovet dövründən qalma bəndi dağıtdı. Kiyev Müdafiə Strategiyaları Mərkəzinin hərbi eksperti Viktor Kevlyuk deyib: "Düşmən birbaşa Kiyevə hücum etmək əvəzinə başqa marşrutlar axtarmağa və ya hücumu təxirə salmağa məcbur oldu. Bu isə Ukrayna tərəfinə İrpen çayının sağ sahilində müdafiəni möhkəmləndirmək üçün vaxt verdi. Su və bataqlıqlar tank əleyhinə xəndək rolunu oynadı. Təbiət öz işini gördü”.

O vaxtdan bəri Ukrayna dəfələrlə çaylara, çay yataqlarına və bataqlıq ərazilərə arxalanıb. Bu təcrübə artıq Avropanın digər ölkələri tərəfindən də öyrənilib.

Estoniyanın baş naziri Kristen Mixal bildirib: "Biz bacardığımız hər şeyi istifadə edirik. Əgər sərhəddə bataqlıq, palçıq və ya göl kimi təbii maneələr varsa... bu, bizim xeyrimizədir”.

Bununla belə, Almaniya Müdafiə Nazirliyi su ehtiyatlarının yalnız hərbi məqsədlərlə artırılmasının NATO üçün həm üstünlükləri, həm də mənfi tərəfləri ola biləcəyini və hazırkı hökumət üçün "prioritet olmadığını” açıqlayıb.

Polyak bioloq Mixal Jmigorski isə iyul ayında ölkəsinin Müdafiə Nazirliyinə ətraf mühiti hərbi baryer kimi istifadə strategiyasını təqdim edərkən "danışıqlarla əməli fəaliyyət arasında böyük uçurum” gördüyünü bildirib. O deyib: "Onlar çox maraqlandıqlarını deyirlər, amma ölkənin müdafiə planlarının dəyişdirilməsinə işarə edən praktiki addımları görməmişik”.

Əvəzində Polşa Belarusdan gələn miqrantların qarşısını almaq üçün unikal Belovej milli parkını və onun bataqlıqlarını iki hissəyə bölən beş metrlik polad hasar tikib.

Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, gələcəkdə Rusiya NATO-nun bir və ya bir neçə ölkəsinə hücum edə bilər. Bununla belə, onun fikrincə, bu senari Ukraynaya qarşı tammiqyaslı işğala bənzəməyəcək.

O hesab edir ki, Moskva NATO-ya üzv ölkələrdən, o cümlədən Finlandiyaya açıq hücuma cəsarət etməyəcək, çünki ruslar uduzacaqlarını bilirlər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->