Xəbər lenti

Yeni Çernobıl təhlükəsi: Ermənistandakı AES
Dünya 11:43 29.07.2025

Yeni Çernobıl təhlükəsi: Ermənistandakı AES "saatlı bomba"ya çevrilir

Ermənistanda fəaliyyət göstərən və 1976-cı ildən bəri istifadədə olan köhnə atom elektrik stansiyası (AES) bölgə üçün yeni bir Çernobıl riski daşıyır. Lakin görünən odur ki, bu böyük təhlükə beynəlxalq səviyyədə demək olar görməzdən gəlinir.

Qaynarinfo xəbər verir ki, Sovet dövründən qalma Ermənistan Atom Elektrik Stansiyası (AƏS) yüksək seysmik riski olan ərazidə yerləşir və "gözlənilən Çernobıl" və yaxud "saatlı bomba" kimi xarakterizə olunur. 

İki reaktoru olan bu stansiya ölkənin elektrik enerjisi tələbatının təxminən 40 faizini qarşılayır və bu səbəbdən Ermənistandan ötrü əvəzolunmaz hesab edilir. Bununla belə, stansiyanın təhlükəli zonada yerləşməsi və əvvəllər bir dəfə bağlanmış olması diqqət çəkir - 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra təhlükəsizlik məqsədilə altı il müddətində fəaliyyəti dayandırılmışdı.

Bu stansiya Türkiyə sərhədinin yaxınlığında, kənd təsərrüfatı ilə tanınan İqdır bölgəsinin tam qarşısında yerləşir. Əgər növbəti zəlzələ zamanı ciddi zərər görərsə və ya texniki nasazlıq səbəbilə radiasiya sızması baş verərsə, bu, yalnız Ermənistanı deyil, Türkiyə, Azərbaycan, Gürcüstan və İranı da əhatə edən böyük bir nüvə fəlakətinə səbəb ola bilər. Paytaxt İrəvanın stansiyaya cəmi 35 km məsafədə yerləşməsi isə Çernobıldakına bənzər kütləvi köç ehtimalını gündəmə gətirir ki, bu da Ermənistan üçün həyatı təhlükə yaradır.

AES artıq sadə bir texniki obyekt deyil, çoxsaylı geosiyasi və iqtisadi maraqların kəsişdiyi mürəkkəb bir tənliyə çevrilib. Bir tərəfdən stansiya Ermənistanın enerji infrastrukturunun ayrılmaz hissəsidir, digər tərəfdən isə Rusiyanın idarəçiliyindədir. Rusiya bu stansiyanın modernləşdirilməsi üçün tələb olunan dəstəyi göstərməkdən çəkinir. Səbəb kimi Ermənistanın son illər Qərbə yaxınlaşması göstərilir və bu vəziyyətdə Ermənistanın enerji çatışmazlığı ilə üzləşməsi Moskvanın maraqlarına uyğun gəlir.

Eyni zamanda, nəinki qonşu dövlətlər, eləcə də Ermənistan cəmiyyəti bu təhlükəyə qarşı dərhal və ciddi həll yollarının tapılmasını tələb edir. Lakin ölkənin həm maliyyə, həm texnoloji baxımdan bu problemi təkbaşına həll etmək imkanları məhduddur.

Mümkün ssenarilər ya beynəlxalq əməkdaşlıqla stansiyanın təhlükəsiz şəkildə bağlanması və ya müasir texnologiyalarla əvəzlənməsi ola bilər. Əks halda, bölgə Çernobıldan sonra növbəti nüvə fəlakətinə şahid ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->